formula-1-in-bakida-kecirilmesi-yene-sual-altindadir-aciqlama

“Formula-1”in Bakıda keçirilməsi yenə sual altındadır - AÇIQLAMA

“Formula-1” yarışının iyunun 6-da Bakıda keçirilməsi ilə bağlı heç bir dəyişiklik yoxdur. Dünən “Formula-1” builki yarışın təqvimini açıqlayanda da Azərbaycan Qran Prisi nəzərdə tutulub”.

İnsider.az xəbər verir ki, bunu açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva deyib.

Almaniyanın “Auto Motor und Sport” nəşri ötən il olduğu kimi, bu il də Azərbaycan Qran Prisinin keçirilməyə biləcəyini yazıb. Səbəb kimi trası qurmaq və şəhəri yarışa hazırlamaq üçün ən azı yeddi həftə vaxt lazım olduğunu, pandemiya səbəbindən xaricdən Azərbaycana işçilərin gələ bilməməsi göstərilib.

Lakin Gülnaz Quliyeva hər şeyin karantinin götürülməsindən asılı olduğunu bildirib:

“Açığı, həmin məqalə ilə tanış deyiləm. Amma rəsmi olan budur ki, bu yarış 4-6 iyun tarixlərində baş tutmalıdır. Düzdür, tras parada görə sökülüb. İlk illər təcrübəsiz olduğumuzdan, yarış zolağının bərpasına ötən ilin sonundan başlayırdıq. İndi isə qısa müddətə bunu edə bilirik. Bizim işçilər hazırda karantinə görə ev rejimində işləyir. Karantinin bitməsini gözləyirik. Bitdikdən sonra işçilər trasın bərpasına başlayacaq”.     

Oxu.Az