fotoqraflar-beynelxalq-foto-musabiqede-6-medal-qazaniblar

Fotoqraflar beynəlxalq foto müsabiqədə 6 medal qazanıblar

Gilavar Foto Klubunun təşkilatı dəstəyi ilə daha bir beynəlxalq foto müsabiqəyə yekun vurulub.

"Baku 2022" adlı foto müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqraflar Cəmiyyəti və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə keçirilib. Müsabiqəyə dünyanın 62 ölkəsindən 370 fotoqraf tərəfindən 5 min 520 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya və Banqladeşdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, "Baku 2022" adlı beynəlxalq foto müsabiqə Gilavar Foto Klubu tərəfindən dördüncü ildir ki, həyata keçirilir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 133 mükafata 44 ölkənin 100 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaşxılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Azərbaycandan olan fotoqraflar Dilavər Nəcəfov bir qızıl medal və diplom, Valeriy Xlızov qızıl medal, Nadejda Cavadova bir gümüş medal və bir fəxri lent, Orxan Əzimov bir gümüş və bir bürünc medal, Nurlan Tahirli bir gümüş medal və bir fəxri lent, Teymur Məmmədov iki fəxri lent, Aleksandr Firstov fəxri lent qazanıb. Nəticədə azərbaycanlı fotoqraflar tərəfindən 6-sı medal olmaqla ümumilikdə 12 mükafat əldə olunub”.