“Fransa lazım gələrsə, Ermənistanı digərləri ilə yanaşı, yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə də təmin edəcək”.
Bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornyu İrəvanda erməni həmkarı ilə birgə brifinqdə deyib.
O, Fransanın gecəgörmə cihazları bağışladığını, “Bastion” zirehli maşınlarının da göndərilməsi üçün hazırlıqların aparıldığını vurğulayıb: “Bütün bu vasitələrin müdafiə əhəmiyyəti var, onlar sərhədləri və əhalini qorumaq üçündür”.
Lekornyu deyib ki, heç kim Fransanı Ermənistanla müdafiə sahəsində əməkdaşlığa görə tənqid edə bilməz.
“Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra regionun necə olacağından asılı olmayaraq, Ermənistan müdafiə silahları və sursatları almağa davam edəcək”, - deyə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
Müdafiə naziri həmçinin qeyd edib ki, Ermənistan öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün silah alır. Bu silahlar heç bir ölkəyə qarşı yönəlməyib.
11:32
Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornyu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar.
Bunu fransız nazir Sebastyan Lekornyu deyib:
“Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri üçün lazım olan raketlər verəcək”.
O qeyd edib ki, hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın geniş planları var.
Digər müqavilə isə müdafiə nazirinin müavini Karen Brutyanla adı açıqlanmayan fransız şirkətinin nümayəndəsi arasında imzalanıb. Bu sazişlərin detalları açıqlanmayıb.
Oxu.Az