"Azərbaycanın işğaldan azad olunmuş əraziləri regionun inkişafına böyük töhfə verəcək".
İnsider.az xəbər verir ki, bunu "Report"un yerli bürosuna Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının regionun inkişafındakı rolunu şərh edərkən bildirib.
O, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında başlamış yenidənqurma işlərinə sərmayə qoymaqda maraqlı olan ölkələrin çox olacağını bildirib: "Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının regionun iqtisadi inkişafında böyük rolu olacaq. Bu inkişafdan təkcə Azərbaycan deyil, regionun digər dövlətləri, habelə sərmayə qoyan və yenidənqurmada iştirak edən ölkələr də yararlanacaq. Bu mərhələdə üç seçim real görünür. İlk növbədə Türkiyə və İsrail şirkətləri əsas sərmayə yatıran şirkətlər ola bilərlər. Daha bir mümkün seçim birinciyə zidd yox, əlavə xarakter daşıyır. Bu da Çin şirkətləridir. Çin sərmayəsi Gürcüstan və Azərbaycanı birləşdirən layihələrin reallaşması baxımından da böyük maraq kəsb edir. Bu layihələrə bu vaxtadək kənarda qalan Ermənistan da cəlb edilə bilər. Üçüncüsü isə İrandan gələn sərmayədir. Belə ki, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Naxçıvana səfəri Türkiyə-İran-Əfqanıstanı birləşdirəcək dəmir yoluna qoşulmaqda İranın nə dərəcədə maraqlı olduğunu nümayiş etdirdi. Bütün bu layihələr Qafqazın iqtisadiyyatına müsbət təsir göstərəcək və beləliklə, İran üçün də çox böyük faydası olacaq. Nəhayət, sonuncu yerdə dünyanın digər dövlətləri durur ki, bu qrupa da Fransanı, ümumilikdə Avropanı və Amerika Birləşmiş Ştatlarını daxil etmək olar.
E.Dupuy Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin Qafqazın birləşməsi imkanlarını gücləndirdiyini və onun Avropa ilə Asiya arasındakı oynadığı körpü rolunun əhəmiyyətini daha da artırdığını vurğulayıb: "Dağlıq Qarabağın işğaldan azad edilməsindən sonra artıq geriyə yol yoxdur. Bugünkü durum böyük perspektivlər vəd edir. Xüsusilə Qafqazdan keçərək Avropa ilə Asiyanı birləşdirən yolların çəkilməsi qarşıda gələn ən əsas layihələrdəndir. Regionun ehtiyaclarını nəzərə alıb Qafqaz, yaxud Cənubi Qafqaz birliyi yaradaraq birlikdə yenidənqurma işləri aparmaq üçün bu gün tarixi vaxt yetişib".