Fransanın sabiq iqtisadiyyat naziri Tyerri Bretonun Parisdəki evi qarət edilib– eks-naziri həyat yoldaşı ilə birgə ayaq yolunda bağlanaraq, evdən qiyməti 55 min avrodan çox cəvahirat aparılıb. İnsider.az bu barədə “France Info” portalına istinadla xəbər verir.
Qarət iyulun 21-ə olan gecə Fransa paytaxtının XIV dairəsində baş verib.
Hazırda “Atos” şirkətlər qrupuna rəhbərlik edən Breton və həyat yoldaşı təzə yatmağa hazırlaşarkən iki qara geyimli naməlum şəxslərin evə zorla soxularaq onları döyməyə başladığı açıqlanıb. Daha sonra qarətçilər zinət əşyalarının saxlandığı seyfi açmağı tələb edərək, keçmiş naziri hədələməyə başlayıblar. Breton qiymətli əşyaları verərək soyğunçulara tabe olub. Bundan sonra ev sahibləri və onların sürücüsü ayaq yolunda qapalı vəziyyətdə qalıblar. Bu vaxt soyğunçular qiymətli əşyaların axtarışını evdə davam etdirib bitirdikdən sonra evi tərk ediblər.
Aralarında brilyantlı qolbaq və qızıl külçənin olduğu ümumi oğurlanan əşyaların dəyəri 55 min avrodan çox qiymətləndirilir.
Qarətin istintaqı ilə paytaxt hüquq-mühafizə orqanları məşğul olur.
Samirə Məmmədova