fuad-nagiyev-assosiasiya-turizm-potensialini-inkisaf-etdirmek-ucun-guclu-platforma-rolunu-oynayacaq

Fuad Nağıyev: Assosiasiya turizm potensialını inkişaf etdirmək üçün güclü platforma rolunu oynayacaq

"Turizm kompleks xidmət sahəsidir. İnkişafı da birbaşa xidmət sferasının keyfiyyətindən və inkişaf səviyyəsindən asılıdır".

İnsider.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk Assambleyasında çıxışı zamanı deyib. Bildirib ki, assosiasiya mövcud potensialı inkişaf etdirmək, xidmət səviyyəsinin keyfiyyətini artırmaq üçün bu sahənin nümayəndələrini bir araya toplayan güclü platforma rolunu oynayacaq: "Müəyyən problemlər mövcud olsa da, bu problemlərin optimal həlli istiqamətində işlər görülür. 2015-ci ildə lisenziyaların ləğvi həmin dövr üçün uğurlu oldu. Sənayedə canlanma yaratdı və inkişafa səbəb oldu. Ancaq təəssüf ki, bundan sui-istifadə edənlər az olmadı. Bu isə bütövlükdə ölkə turizminin imicinin zədələnməsi ilə nəticələndi. Buna görə də turizm şirkətlərinin fəaliyyətinə ümumi nəzarət mexanizmini qurmağa zərurət yarandı".

Sədr qeyd edib ki, Dövlət Turizm Agentliyi bu istiqamətdə dövlət reyestrinin yaradılması üzərində çalışır. Bu məsələdə turizm şirkətlərinin maraqları nəzərə alınacaq, qanunla tənmizlənən işlək mexanizm hazırlanacaq: "Həmçinin 2019-cu ildə biznesin inkişafı üçün turizm sahəsinə investisiya qoyulmasını stimullaşdırmağa çalışırıq. İxtisaslı kadrların hazırlanması və onların peşakar kimi yetişməsi də əsas hədəflərdən biridir. Azərbaycanın bütün dünyada turizm destinasiyası kimi tanıdılması və xarici bazarlarda ölkənin turizm imkanlarının təbliğində səylərimizi birləşdirməliyik. Turistlərə göstərilən xidmətin artırılması, turistlərin ölkəmizdən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır. Dövlət Turizm Agentliyi dövlət və özəl biznes əməkdaşlığını əsas tutaraq biznes qurumları ilə faydalı münasibətlərin inkişafında maraqlıdır. Biz sağlam rəqabət mühitinin tərəfdarıyıq".