google-looker-biznes-analitika-servisini-alir

“Google” “Looker” biznes-analitika servisini alır

“Google” 2,6 milyard dollara “Looker” adlı iri biznes-analitika servisinin alışı haqda razılıq əldə edib. İnsider.az bunu “Reuters”-ə istinadla xəbər verir.

“Looker” “Google”-un bulud servislərini birləşdirən “Google Cloud” bölməsinin tərkibinə daxil olacaq. Hazırda şirkətlər müştərək şəkildə səhiyyə, maliyyə, KİV və digər sahələrdəki 350-dən çox müştəriyə xidmət göstərir.

Tərəflər sövdələşməni cari ildə bağlamağı planlaşdırır. “Looker”-in baş direktoru Frenk Byen “Google” komandasına qoşulacaq. “Reuters”-in qeyd etdiyinə görə, bu “Google” üçün 2014-cü ildən sonra bağlanan ən böyük sövdələşmədir. Həmin ildə şirkət 3,2 milyard dollara ev üçün “ağıllı” cihazların istehsalçısı olan “Nest”-i alıb.

“Looker” 2012-ci ildə təsis olunub və Kaliforniyada yerləşir. Şirkətin ştatı təxminən 800 nəfərdən ibarətdir. “Looker” tərtibatları şirkətlərə mənfəəti, müştəri bazasını və digər verilənləri təhlil etməyə, daha sonra isə tendensiyaları vizuallaşdırmağa imkan yaradır. Platformanın rəqibləri arasında “Tableau” və “Microsoft Power BI” biznes-analitika servislərini saymaq olar.

Samirə Məmmədova