“Google” San-Fransiskonun körfəz rayonunda evlərin tikintisinə 1 milyard dollar investisiya xərcləməyə hazırlaşır. İnsider.az-ın məlumatına görə, bu barədə korporasiyanın baş direktoru Sundar Piçai şirkətin bloqunda bildirib.
“Bütün regionda bir problem xüsusilə aktualdır – ev problemi. Yeni təklifin olmadığı üçün artan yaşam məbləği orta və aşağı gəlir dərəcəsi olan şəhər sakinləri üçün mənzil ala bilməməyə gətirib çıxarıb”, – Piçai söyləyir.
Yaxın on ildə “Google” ofis və kommersiya obyektlərinin saxlanılmasına ayrılan 750 milyon dollar vəsaiti 15 min evin tikintisinə yönəltmək niyyətindədir.
Daha 250 milyon dolları şirkət ən azı beş min əlçatan mənzilin tikintisində developerlərə kömək edəcək investisisya fondunun yaradılmasına xərcləyəcək.
Həmçinin “Google” evsizlik problemlərilə məşğul olan qeyri-kommersiya təşkilatları üçün qrantlara 50 milyon dollar ayıracaq.
Qeyd edək ki, San-Fransisko yaşam üçün ən bahalı regionlardan biridir. “TechCrunch”-ın yazdığına görə, yerli sakinlər texnoloji sahəyə nifrət edir. Onların fikrincə, məhz bu sahə qiymət artımına səbəb olur. Güzəştli mənzil tikintisinə dəstək proqramını nəşriyyat “Google”-un “vicdan aktı” və reputasiyasını qaldırmaq cəhdi adlandırır.
Samirə Məmmədova