google-un-smartfon-satislari-artib

“Google”-un smartfon satışları artıb

“Alphabet” (“Google”-un ana şirkəti) 2019-cu ilin ikinci rübündə 38,9 milyard dollarlıq mənfəət əldə edib – bu, ötən ilin göstəricisindən 19% çoxdur. Analitiklər isə 38,2 milyard dollar həcmində mənfəət gözləyirdilər. İnsider.az bu barədə “Reuters”-ə istinadən məlumat verir.

Holdinqin xalis gəliri 9,9 milyard dollara qədər qalxıb. Reklam satışından olan mənfəət payı 85%-dir.

Bu arada telefon konfransı zamanı “Google”-un baş direktoru Sundar Piçai şirkətin ikinci rübdə “Pixel” smartfonlarının satışını iki dəfə artırdığını söyləyib. Lakin nə qədər cihazın satıldığını şirkət açıqlamayıb. Cari ilin mayında şirkət “Pixel 3а” və “Pixel 3а XL” smartfonlarını təqdim edib — yeni modellərin qiyməti 399 və 479 dollardır.

Əlavə olaraq, “Alphabet” öz hesabatında bildirib ki, direktorlar şurası C sinfi səhmlərinin 25 milyard dollara satınalmasını təsdiqləyib.

Qeyd edək ki, holdinqin kağızlarının dəyəri hesabatın dərc edilməsindən sonra 9%-i keçib.

Samirə Məmmədova