gurcustan-rusiya-ile-aviaelaqenin-kesilmesinden-deyen-zereri-hesablayib

Gürcüstan Rusiya ilə aviaəlaqənin kəsilməsindən dəyən zərəri hesablayıb

Rusiyanın Gürcüstana uçuşlara qoyduğu müvəqqəti qadağaya görə bu ölkədə 2019-cu ildə istirahət edən rusiyalıların sayı 1 milyon nəfər azalacaq. İnsider.az-ın verdiyi xəbərə görə, bu məlumatı Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.

Onun fikrincə, Rusiya ilə aviaəlaqənin kəsilməsindən gələn zərər 2 milyard lariyə (təxmini 710 milyon dollar) qədər təşkil edəcək.

Kvririşvilinin sözlərinə görə, Gürcüstan hazırda Rusiyadan turist axının azalmasına görə dəyən ziyanı minimuma endirmək istəyir və yeni bazarlara, xüsusilə, ABŞ və Avropa bazarlarına çıxış imkanı axtarır.

Qeyd edək ki, ötən il Gürcüstanı RF-dən 1,4 milyon turist ziyarət edib və eyni ildə də ölkənin turizm sahəsinə Rusiya tərəfindən mədaxil 2 milyard lari təşkil edib.

Samirə Məmmədova