gurcustanda-ecnebilere-yasayis-icazesinin-verilmesi-telebleri-sertlesdirilib

Gürcüstanda əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilib

Gürcüstan parlamentinin bugünkü iclasında “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu” haqqında qanuna nəzərdə tutulan düzəlişlər üçüncü oxunuşda qəbul olunub.

İnsider.az xəbər verir ki, bundan sonra hansısa bir xarici vətəndaş Gürcüstanda birillik müddətə yaşayış icazəsi alması üçün dəyəri 100 min dollardan çox olan daşınmaz əmlaka sahib olmalıdır.

İndiyədək bu məbləğ 35 min dollar təşkil edib. Əcnəbi daşınmaz əmlakı satacağı və ya digər şəxsə verəcəyi təqdirdə, müvəqqəti yaşayış icazəsi haqqında sənəddən məhrum ediləcək.

Gürcüstanda yaşayış izninin alınması üçün investisiyaların minimal həcmi 300 min lari əvəzinə, 300 min dollar həcmində müəyyən olunub. Yaşayış icazəsi haqqında sənəd 5 illlik müddətə təqdim olunacaq.

Əcnəbi vətəndaşa illik dövriyyəsi lari ekvivalentində 120 min dollar təşkil edəcəyi halda da 5 illik yaşayış icazəsi veriləcək.

Qeyd edək ki, qanuna düzəlişlərin qəbul olunmasının məqsədi maliyyə çətinlikləri olan xarici ölkə vətəndaşlarının Gürcüstana kütləvi miqrasiyasının qarşısını almaqdır. Qeyri-rəsmi məlumatlara əsasən, qonşu ölkədə, təxminən, 100 minə yaxın əcnəbi qanunsuz yaşayır. 

©“Report”