gurcustanda-koronavirusun-askarlanmasi-ile-bagli-azerbaycandan-resmi-aciqlama

Gürcüstanda koronavirusun aşkarlanması ilə bağlı Azərbaycandan rəsmi açıqlama

Fevralın 25-də İran İslam Respublikasından gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlanması haqqında məlumatın əsasında Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıb.

İnsider.az xəbər verir ki, bu barədə hər iki qurumun birgə rəsmi açıqlamasında bildirilib.

"Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilmiş və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib.

Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq Astara gömrük–keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Beləki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər.

Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir", - açıqlamada əlavə olunub.