hadrutda-qayani-azerbaycan-bayragina-boyayan-genc-kimdir-video

Hadrutda qayanı Azərbaycan bayrağına boyayan gənc kimdir? - VİDEO

2020-ci il Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək yeni tarix yazdı. Qələbəmizin, zəfərimizin şanı isə şəhidlərimizin, qazilərimizin, bütün müharibə iştirakçılarının, eləcə də xalqımızın sayəsində hələ uzun illər dillərdən düşməyəcək.

Ali Baş Komandanın əmri ilə Qarabağın 30 illik işğalına son qoyuldu, düşmən darmadağın edildi.

İllərdir tarixi Azərbaycan torpaqları olan Qarabağı düşmənlər öz torpaqları kimi təqdim etməyə çalışırdılar. Gah yalan tarix yazmağa çalışdılar, gah müxtəlif təxribatlara əl atdılar. Amma haqq, ədalət öz yerini tapdı və bu torpaqlar yenidən əzəli-əbədi sahiblərinə geri qayıtdı.

Bugünkü qəhrəmanımız vətənin daşını üçrəngli bayrağımıza boyamaqla müharibə dövründə sosial şəbəkələrdə hər kəsin rəğbətini qazanan Əkrəm Qurbanovdur. Qəhrəmanımız Hadrutda qayanı bayrağımızın rənglərində boyayıb. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb və alqışlanıb.

Əvvəlcə onu deyim ki, Əkrəm Elyaz oğlu Qurbanov 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. Şəhərin 33 saylı tam orta məktəbində təhsil alan qəhrəmanımız 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olub. 2012-ci ildə Akademiyanı bitirən Əkrəm Qurbanov peşəsi üzrə fəaliyyət göstərir.

Ə.Qurbanov deyir ki, əlillik dərəcəsi olduğu üçün müharibədə iştirak edə bilməyib, lakin arxa cəbhədə əlindən gələni əsirgəməyib:

“Azərbaycan Ordusu torpaqlarımızı qarış-qarış işğaldan azad etdikcə xalq olaraq hər birimiz fəxr hissi duyurduq. Hər kəs birlik olaraq əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Xocavənd Rayon Polis Şöbəsinin rəisi məni tanıyırdı və rəssam olduğumu bilirdi. Bir dəfə müharibə bitdikdən sonra mənimlə söhbət etdi. Dedi ki, Hadrutda bir qaya var, bayrağımızın rənglərinə boyanmışdı. Lakin indi rənglər solub və yenidən rənglənsə, yaxşı olar”.

Əkrəmin Hadruta getmək eşqi o qədər güclü olub ki, bir an belə düşünmədən qayanın daha canlı rənglərlə boyanmasını öz üzərinə götürüb:

“Çox istəyirdim ki, işğaldan azad edilən torpaqlarımıza gedim. Hadruta getmək eşqi bir başqadır. Digər tərəfdən isə Vətən torpağında vətən üçün iş görmək şərəfdir. Aidiyyəti üzrə Xocavənd Rayon Polis Şöbəsinin rəisinin təşəbbüsü və icazəsi ilə 2021-ci il oktyabrın 11-də Hadruta getdik. Sözügedən qaya Tuğ və Tağlar kəndlərinə gedən yolun üzərində yerləşir. Aşağıdan yuxarıya irəlilədikcə, eləcə də Hadrutun yüksəkliklərindən baxdıqda Azərbaycan bayrağı açıq-aydın görünür”.

Hələ ki, işğaldan azad edilən ərazilərdə bənzər rənglənmə işləri ilə bağlı müraciət almadığını deyən Əkrəm belə bir təklif olarsa, canla-başla razı olacağını deyir:

“Əlimizdən gələni etməyə hazırıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Biz onlarla fəxr edirik. Nə yaxşı ki, o qayanı mən rəngləmişəm. Bununla qürur duyuram”.

Oxu.Az