Bakı Slavyan Universitetinin (BSU) sabiq rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyeva növbəti dəfə məhkəməyə gəlməyib.
Bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib.
Prosesə sədrlik edən hakim Əli Məmmədov deyib ki, Nurlana Əliyevanın məhkəmədən yayınması ilə bağlı məsələ yenidən araşdırılıb. Məlum olub ki, Nurlana Əliyeva 2022-ci ilin noyabrın 18-də ölkədən çıxıb, 12 gün sonra - noyabrın 30-da yenidən ölkəyə giriş edib:
“Dəfələrlə təklif etsək də, polisə müraciət ünvanlasaq da, şəxsin məhkəməyə gətirilməsi mümkün olmayıb. Əvvəlki prosesdə məlumat daxil oldu ki, səhhətində problemlər olduğu üçün Türkiyəyə gedib. Bir qədər sonra isə mediada məlumat yayıldı ki, Nurlana Əliyeva ölkədədir. Hətta açıqlama verərək məhkəmənin ona çağırış göndərmədiyini deyib”.
İş üzrə dövlət ittihamçısı Nurlana Əliyevanın əvvəlki ifadəsinin elan olunmasını təklif edib.
Təqsirləndirilən şəxs isə dövlət ittihamçısının fikri ilə razılaşmayıb: “Burada mənim taleyim həll olunur, Nurlana Əliyeva bu qədər adamı sayıb məhkəməyə gəlmir”, - Dürdanə Əliyeva deyib.
Vəkil Rövşən Mərəndski də Dürdanə Əliyevanın mövqeyini müdafiə edib.
Müşavirədən sonra Nurlana Əliyeva barəsində məcburi gətirilmə qərarının qüvvədə saxlanıldığı elan olunub:
“Universitetin şöbə müdiri ittiham olunursa, təhsil ocağının rektoru məhkəmədə dindirilməlidir”, - deyə hakim Əli Məmmədov qərarı əsaslandırarkən deyib.
Növbəti proses martın 13-nə təyin olunub.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2 (külli miqdarda mənimsəmə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.
APA