Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə namizədlərlə test imtahanı keçiriləcək.
İnsider.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq.
İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. İmtahanda 205 namizədin iştirakı nəzərdə tutulur.
Hakim vəzifəsinə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni sentyabrın 13-dən Hakimlərin Seçki Komitəsindən (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə etməlidirlər.
İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına saat 9.00-dan gec olmayaraq gəlməlidirlər. İmtahan saat 10.00-da başlayır.
İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualı 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.