hansi-ixtisaslari-secmeli-eskpert-tovsiyyesi

Hansı ixtisasları seçməli? – eskpert tövsiyyəsi 

Hazırda ölkədə universitetlərə tələbə qəbulu vaxtıdır. Qısa müddətdən sonra müsabiqə şərtini ödəyən abituriyentlər ixtisas seçimi edəcəklər. Bəs seçim edərkən nələrə diqqət etmək lazımdır? Hansı ixtisasları gələcək vəd edən hesab etmək olar?

Ekspertlərin fikrincə, ixtisas seçimi edərkən ilk növbədə, o ixtisasa əmək bazarında olan ehtiyac nəzərə alınmalıdır. 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə əlaqəli fikirlərini İnsider.az-la bölüşərkən abituriyentlərə xitabən bildirdi ki, hansı ixtisası seçirsinizsə seçin, ən asan olanı və ya ən yaxşı yoldaşınızın seçdiyini seçməyin, çünki özünüzü bəzi gözəl fürsətlərdən məhrum etmiş olarsınız: “Universitet hər şeydən əlavə, fürsətlərlə dolu bir yerdir”.

K. Əsədovun fikrincə, hər ixtisas müxtəlif işlərdə tətbiq oluna biləcək özünə xas məlumatlara malikdir və müəyyən bacarıqları inkişaf etdirir. Ekspert hesab edir ki, əmək bazarında ehtiyac olan ixtisaslardan 10 ən yaxşı sahə aşağıdakılardır: 

1. Müəssisə və İdarəçilik / Ticarət
Ekspertin fikrincə, bu sahə doğuşdan lider olduğunu düşünənlər üçündür: “Problem həll etmə, ədədi bacarıq və qərar vermə qabiliyyətlərinə ehtiyacınız var. Eləcə də, mükəmməl ünsiyyət bacarıqlarını unutmayın. Müəssisə təhsili alarkən mühasibat, maliyyə, marketinq, iqtisadiyyat, statistika və insan qaynaqları funksiyalarının nəzəriyyə və prinsiplərində dərin bir təməliniz yaranacaq. Burada təşəbbüskar tərzdə başlayan şirkətlərdən, multi milyon dollarlıq olanlara qədər hər növdən təşkilatın büdcə, təşkil etmə, planlaşdırma, işə alma, idarə etmə, nəzarət etmə və idarə metodları kimi dinamikası üzərində tam bir usta olacaqsınız. Bu ana ixtisas eyni zamanda sizin hər iş mühitində iştirak edən etnik müxtəliflikləri, etik, siyasi görüşlər və digər dinamiklər haqqında fikir sahibi olmağınızı da təmin edəcək. Bütün bu rəqabətçi dadları daddığınızdan əmin olun; iş dünyası hamısını ehtiva edir, gözəldir və ticarətdir”.

2. Psixologiya
Əgər bəzi insanların müəyyən hallarda niyə bəzi davranışları sərgilədiyini araşdırmağa başlamısınızsa, o zaman psixologiya beynin biologiyasını öyrənməyiniz üçün yaxşı variantdır. Psixologiya ixtisası insan beyninin öyrənmə, şüur, zəka, motivasiya, duyğu, qavrayış, şəxsiyyət, ağıl narahatlığı kimi xüsusiyyətlərinə və fərdi xüsusiyyətlərimizin atalarımızdan irsi gəlməsi, yoxsa böyüdüyümüz mühitdə formalaşması kimi mövzulara diqqət yetirir. Bu sahəni seçənlər insan davranışlarında iştirak edən problemləri öyrənməyə, ünsiyyət qurmağa və həll etməyə çalışırlar.

3. Tibb bacısı
Tibbin mürəkkəb və bəzi zamanlarda kədərverici dünyasını qaldıra biləcək şəfqətli şəxslər tibb bacısı karyerası üçün son dərəcə uyğundur. Sağlamlıq problemlərini qiymətləndirmə, diaqnoz qoyma və müalicə etmə təhsili alarkən ən mürəkkəb – inkişaf edən və inkişaf etmiş texnologiyadan istifadə etmək imkanı da var. Tibb bacısı ixtisasının birinci kurs tələbələri ənənəvi və ictimai elmlər dərslərini alır və ikinci ilinin ikinci dövründə xəstəxana və ya digər tibb müəssisələrində klinik rotasiyalara başlayırlar. K. Əsədovun bildirdiyinə görə, akkreditasiya edilmiş bir tibb bacısı proqramını qurtardıqdan sonra rəsmi olaraq səlahiyyətli ola bilməyiniz üçün sertifikat imtahanlarına daxil olmalısınız: “Tibb bacıları üçün iş imkanları çox sayda olması ilə yanaşı, həm də çox müxtəlifdir; geriatriya, nevrologiya, onkologiya, doğum mütəxəssisliyi və pediatriya kimi müxtəlif sahələrdə işləyə bilərlər”.

4. Biologiya / Bioloji Elmlər
Biologiya mikroskopik orqanizmlərdən klonlama əməliyyatlarına qədər, az qala bütün dünyanı əhatə edir. Biologiya ixtisası insan, bitki, heyvan və bunların yaşadığı mühitləri araşdırır: “İşlər hüceyrə səviyyəsində, ekosistem səviyyəsində, ya da ikisinin arasında bir yerdə ola bilər. Özünüzü sirləri ortaya çıxarmağa və ya problemləri həll etməyə çalışarkən tapa bilərsiniz, məsələn, bir xəstəliyə çarə tapmaq kimi. Biologiya ixtisası məzunları tibb məktəbində və ya genetik və biotexnologiya kimi sahələrdə işləyə bilərlər. Ya da baytar, göz həkimi və ya ətraf mühit alimi ola bilərlər”.

5. Müəllimlik
Ekspertin fikrincə, bu peşə səbr, yaradıcılıq, qərarlılıq, səy, şəfqət tələb edir: “Müəllimlik ixtisası bu xüsusiyyətlərin hamısından artıqlamasıyla ehtiva etməkdir. Bu ixtisasda ən asan təsirlənə biləcəkləri çağlarında gəncləri və uşaqları fokuslama qabiliyyətinə sahib, təsirli və ruhlandırıcı bir müəllim olmaq üçün lazımi bacarıqları öyrənəcəksiniz. Dərsin əksəriyyəti ümumi təhsil materialları olsa da, bir çox təşkilat sizdən təhsil vermək istədiyiniz müəyyən bir sinif səviyyəsi seçməyinizi istəyə bilər. Dərsləriniz bitdikdən sonra özünüzü sinifdə şagirdlərə dərs verən bir müəllim olaraq tapacaqsınız”.

6. İngilis dili və ədəbiyyatı
“İngilis dili proqramları ədəbiyyat, dil və yazı yazmağa yönəlib. İngilis dili ixtisası sayəsində dünya ədəbiyyatı ilə yaxından tanış olmaq olar” - deyə, ekspert qeyd edib. Onun fikrincə, bəşəriyyətin yaratdığı ən möcüzəvi beyinlərin və xəyal güclərinin işlərini araşdırmaq qətiliklə kritik, romantik, yaradıcı və mənəvi bacarıqlarınızı kəskinləşdirəcək. Bu təhsil gələcəkdə hüquq, jurnalistika, nəşriyyat, yüksək bakalavr təhsilləri və az qala, hər sahədə mükəmməl bir hazırlıq keçməyə imkan verir.

7. İqtisadiyyat
İqtisadiyyat fərdlər, müəssisələr, hökumətlər və cəmiyyətlərin seçimlərini, onların zaman və pullarını necə xərclədiklərini və xərcləmirlərsə, necə qiymətləndirdiklərini araşdıran bir sahədir: “Təxmin etdiyiniz kimi, iqtisadiyyat kritik düşünmə və riyaziyyatın həddindən artıq dozada istifadə edildiyi bir sahədir. Məhsulların və xidmətlərin istehsalı, bölüşdürülməsi və istifadəsini araşdıran bu sahə müasir dünyanı anlamaq üçün mütləq olması lazım olan bir vasitədir. Gələcəkdə ticarət sahəsində olduğu qədər hüquq, ictimai siyasət və beynəlxalq işlər kimi sahələrdə yüksək bakalavr təhsili üçün də mükəmməl bir hazırlıqdır.

8. Ünsiyyətyönlü təhsil / Şifahi Ünsiyyət və Danışıq Sənəti
Ünsiyyətyönlü təhsil cəld zəkalı və çılğın təbiətli şəxslərə aiddir: “Şifahi və sözsüz mesajları, dinləyici reaksiyalarını və fərqli danışma mühitlərindəki müxtəlif təsirləri öyrənəcəksiniz. Bu təhsil sizə müəssisə, reklam, insan qaynaqları, ictimaiyyətlə əlaqələr, hökumət, təhsil, media və ictimai xidmətlər kimi sahələrdə müvəffəqiyyətli karyera hazırlayacaq”.

9. Siyasi elmlər
Siyasət elmi aktual hadisələr və qarışıq statistik analizlər ilə məşğul olduğu üçün aktual, maraqlı və davamlı olaraq dəyişən bir quruluşa malikdir. K. Əsədov bildirir ki, bu sahənin ortaq mövzularından bəziləri arasında Amerika hökuməti, ictimai siyasət, xarici əlaqələr, siyasət fəlsəfəsi və müqayisəli hökumət mövzuları yer alır. Onun fikrincə, siyasət elmləri mükəmməl kritik düşünmə və ünsiyyət bacarıqları hazırlayır və daha geniş bucaqla tarixi və mədəniyyəti anlama imkanı təqdim edir. İşin içində bol-bol oxuma, yazma və riyaziyyat da var. Ehtimal olunan karyeralar vəkillikdən siyasətə, jurnalistikaya qədər olduqca geniş bir sahəni tutur.

10. İKT
Bu sahəni seçməklə sadəcə kompüterləri (təchizatları və proqramları) deyil, eyni zamanda bu məlumatların necə tətbiq olunduğunu da öyrənəcəksiniz - məsələn, texnologiyanın bir müəssisə ssenarisinə necə tətbiq oluna biləcəyi kimi: “Robot texnologiyası, təbii dil tanıma proqramları, süni zəka, proqramlaşdırma dili, rəqəmli analiz və oyun texnologiyası kimi sahələrdə təhsil alacaqsınız”.
Şəfa Tapdıq