hekim-ucuncu-doza-vaksin-anticisimleri-daha-onceki-peyvendlerden-uc-defe-artiq-guclendirir

Həkim: Üçüncü doza vaksin anticisimləri daha öncəki peyvəndlərdən üç dəfə artıq gücləndirir

Azərbaycanda vaksinasiya prosesi yanvar ayından başlayıb və ilk növbədə risk qrupları, həkimlər vaksinasiya prosesinə cəlb olunub. Vaksinasiya prosesi yoluxma dinamikasına təsir göstərsə də son günlər yenidən ölkədə koronavirusa yoluxma sayında artım müşahidə edilir.

Bir çox ölkələrdə artıq koronavirusa qarşı vaksinasiya prosesinin üçüncü dozasının tətbiqinə başlanılıb. Xüsusilə də Qərb ölkələrinin müxtəlif elmi institutlarının apardığı araşdırmalar göstərir ki, hətta yüksək qoruyuculuq təmin etdikləri bildirilən Pfizer və Moderna kimi vaksinlər belə immuniteti zəifləmiş fərdlərdə arzuolunan qorumanı təmin edə bilmirlər.

Bu baxımdan, daha təhlükəsiz, lakin nisbətən aşağı təsirə malik olan vaksinlərin 3-cü doza ilə tamamlanması vaksinin təsirinin gücləndirilməsinə kömək edir, digər tərəfdən isə yan təsirləri baxımından riskləri daha azdır.

Məsələn, İsraildə avqustun 29-dan başlayaraq 12 yaşdan yuxarı bütün şəxslərə də 3-cü doza vaksin təklif edilməyə başlanılıb. Sentyabrın 15-dək artıq 3 milyondan çox insana 3-cü doza vaksin vurulub. Hazırda hətta 4-cü doza vaksinin vurdurulması ətrafında müzakirələr aparılır.

Bir digər məsələ isə hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştamlarına yoluxma riskinin olmasıdır. Alimlər düşünür ki, bu səbəbdən də buster dozanın alınması sürətləndirilməlidir. Dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb. Koronavirusun ştamlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur.

Xarici mütəxəssislər buster dozanın yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümlərin azalmasına yardım edəcəyini vurğulayırlar. Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticisimlər koronavirusun ştammlarına qarşı güclüdür. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir.

Məsələ ilə bağlı Baş infeksionist Təyyar Eyvazov açıqlamasında bildirib ki, vaksinasiya prosesi ilk olaraq daim koronoviruslu xəstələrlə təmasda olan tibb işçilərindən başlanıldı:

“Eyni zamanda mərhələli şəkildə risk qrupuna daxil olan digər şəxslərin də vaksinasiya prosesinə cəlb olunmasına başlanıldı. İmmun sistemi zəif olan insanların, xroniki xəstəlikləri olan şəxslərin vaksinasiyadan sonra virusa yoluxma riski digərlərinə nisbətən daha tez yarana bilir. Çünki vaksinin effektivlik müddəti həmin şəxslərdə digərlərinə nisbətən daha az olur. Bu baxımdan aparılan təhqiqatlara əsasən 6-8 aydan sonra vaksinin qoruyuculuğu azalır və pandemiya davam etdiyinə görə, yeni risklər yaranır. Ona görə də bəzi ölkələr vaksinin üçüncü dozasının vurulmasına başlayıb. Payız mövsümi ilə əlaqəli olaraq, narahatlığımız var. Ehtiyat edirik ki, yoluxma sayının artımı ola bilər. Biz bununla bağlı artıq çağırışlar etmişik. İnsanlara virusdan qorunması üçün üçüncü dozanın vurulması tövsiyə edilir”.

Həkim infeksionist onu da əlavə edib ki, dozalar arasındakı fasilə müddəti müzakirə edilib:

“Müxtəlif ölkələrdə bu mövzuda araşdırmalar aparılıb. Çünki vaksinlərin növləri fərqlidir, orqanizmlər də müxtəlif olduğundan qoruyuculuq müddəti standart olmur. Bu səbəbdən hələlik vaksinasiya prosesinin təkrarı altı aydan sonra üçün nəzərdə tutulur. Artıq bu, ölkəmizdə tövsiyə edilib”.

“Bizim ölkədə vaksinasiya prosesinə “sinovak” vaksini ilə başlanılıb. Hər iki dozanın eyni vaksinlə vurulması tövsiyə edilir. Lakin buster doza ilə bağlı birmənalı baxış və ya qərar yoxdur. Bəzi insanlar vaksindən sonra orqanizmdə yaranan antitelləri yoxlatdırıb. Elə adamlar var ki, onlarda antitel kifayət qədər olmayıb və bu onlar üçün vaksinin effektivlik dərəcəsi ilə bağlı fikir formalaşdırıb. İnsanlar vaksinin qoruyuculuğu baxımından gücləndirici buster dozanı seçə bilərlər. Lakin heç kim qarışdırmasın, birinci və ikinci doza eyni vaksinlə həyata keçirilməlidir. Hələlik üçüncü dozanın eyni və ya fərqli olması ilə bağlı konkret elmi əsaslı qərar yoxdur. Sadəcə olaraq virusla mübarizə aparılması üçün buster dozanın vurulması tövsiyə edilir”, - deyə Təyyar Eyvazov sonda qeyd edib.