hekimden-xeberdarliq-qapanma-olmali-seherlerarasi-hereket-qadagan-edilmelidir-video

Həkimdən xəbərdarlıq: “Qapanma olmalı, şəhərlərarası hərəkət qadağan edilməlidir” - VİDEO

“Koronavirusla mübarizənin ən effektiv yolu kütləvi qapanmalardır. 28 gün müddətində tamamilə hər yer bağlanmalı və bundan sonra mərhələli şəkildə yumşaldılmalar olmalıdır”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib. O bildirib ki, Çindən başqa dünyanın heç bir ölkəsi bu qaydanı tətbiq edə bilmədi:

“Müxtəlif səbəblərdən biz birmənalı olaraq kütləvi qapanmaların həyata keçirilməsini məsləhət görə bilmirik. Lakin pandemiyanın qarşısını almaq üçün dövlətin, vətəndaşın gördüyü tədbirlər və peyvəndlənmə prosesi önəmlidir”.

Həkim onu da qeyd edib ki, son günlər açıq havada maskadan istifadə ilə bağlı aparılan müzakirələr düzgün yanaşma deyil:

“Maskadan istifadə edilməsi vacib məsələlərdən biridir. Çünki tibbi maska taxırsınızsa və qarşısınızdakı koronavirusa yoluxmuş şəxs maskadan istifadə etmirsə, siz də virusa yoluxa bilərsiniz”.

T.Rəsulova virusa yoluxmanın qarşısını almaq üçün əlavə tədbirlərin də görülməsinin məqsədəuyğun olduğunu bildirib:

“Avtobuslarla bağlı məhdudiyyət və kafe-restoranlarda monitorinqlərin aparılması vacib məsələlərdəndir. Hesab edirəm ki, bundan başqa mərhələli iş rejiminə keçmə və vacib olmadığı təqdirdə şəhərlərarası gediş-gəlişin məhdudlaşdırılması da uyğun addımlar olar”.