Helsinkidə 1990-cı ildə Sovet İttifaqı tərəfindən Finlandiyaya hədiyyə edilmiş "Dünyada Sülh" (Maailman rauha) abidəsi sökülüb.
İnsider.az xəbər verir ki, hündürlüyü 5 metrdən çox olan heykəl Yer kürəsinin müxtəlif qitələrindən olan bir qrup insanı təmsil edir. Onların hər biri bir əli ilə budaqlarla haşiyələnmiş qlobus tutur.
Heykəl yerli vaxtla səhər saat 7 radələrində yük kranı vasitəsilə postamentindən götürülüb və barjaya yüklənib. Böyük ölçülü abidə aid olduğu Helsinki İncəsənət Muzeyinə (HAM) saxlanılması üçün dəniz yolu ilə aparılacaq. Quru nəqliyyatı ilə daşınması üçün tramvay xətlərinin bağlanması lazım gələcəkdi, bu isə, ictimai nəqliyyatın hərəkətinə ciddi təsir göstərəcək.
Abidənin sonrakı taleyini muzey və şəhər rəhbərliyi həll edəcək.
“Yle” telekanalının məlumatına görə, heykəlin qoyulduğu yerdə piyada səkisi salınacaq: onun quraşdırıldığı küçədə Helsinkinin mərkəzini Laahasalo ada rayonu ilə birləşdirəcək tramvay xətti yaradılacaq.
Layihədə heykəlin ilkin yerinə qaytarılması nəzərdə tutulmayıb.
Mənbə: RBK