henri-kissincer-koronavirus-pandemiyasi-dunya-nizamini-ebedi-deyisecek

Henri Kissincer: Koronavirus pandemiyası dünya nizamını əbədi dəyişəcək

COVID-19 pandemiyası ətrafında hökmranlıq edən sürreal atmosfer mənə hələ cavan olduğum vaxtlarda iştirak etdiyim Arden döyüşündə 84-cü piyada diviziyasında yaşadığım hissləri xatırladır.  

İndi, 1944-cü ilin sonlarında olduğu kimi, konkret bir insana deyil, sonradan tam iflasa gətirib çıxaracaq təsadüfi məğlubiyyətə yönəlmiş təhlükənin doğulması hissiyyatı mövcuddur.

Bununla belə, həmin uzaq dövrlə indiki zaman arasında vacib fərq var. O dövrlərdə amerikalı iradəsi yekun milli məqsədlə möhkəmlənmişdi. İndi bölünmüş ölkədə misli görünməmiş əngəlləri aradan qaldırmaq üçün effektiv və uzaqgörən hökumət lazımdır. İctimai etimadın qorunması sosial həmrəylik, bir-biri ilə ictimai münasibətlər, beynəlxalq sülh və sabitlik üçün həlledici rol oynayır.

Millətlər institutlarının fəlakətləri qabaqcadan görə, təsirlərini dayandıra və sabitliyi bərpa edə biləcəyinə inanaraq birləşir və çiçəklənirlər. COVID-19 pandemiyası sona çatdıqda bir çox ölkələrin institutları uğursuzluğa düçar olacaq. Reallıq budur ki, dünya koronavirusdan sonra heç vaxt əvvəlki kimi olmayacaq. Keçmişlə bağlı mübahisələr yalnız edilməli olan işləri çətinləşdirir.

Koronavirus görünməmiş bir miqyas və qəddarlıqla zərər verir. Yayılma eksponent olaraq davam edir: ABŞ-da hər beş gündə yoluxmuş insanların sayı iki dəfə artır. Bu ana qədər xəstəliyin müalicəsi yoxdur, artan xəstəlik dalğasının öhdəsindən gəlmək üçün tibbi ləvazimatlar isə kifayət qədər deyil. İntensiv terapiya şöbələri həddən artıq yüklənir. 

Yoluxmanın qarşısının alınması bir yana, test infeksiyanın yayılma dərəcəsini müəyyənləşdirməyə imkan vermir. Peyvənd yalnız 12-18 aydan sonra hazır ola bilər.

ABŞ administrasiyası fəlakətin qarşısını almaq üçün böyük işlər gördü. Əsas sınaq bundan ibarət olacaq: virusun yayılmasının dayandırılıb geri çəkilməsi elə tərzdə və miqyasda baş versin ki, cəmiyyətin amerikalıların özünüidarəetmə qabiliyyətinə inamı qorunub saxlansın.

Böhran səyləri, nə qədər genişmiqyaslı və zəruri olmasına baxmayaraq, koronavirusdan sonrakı nizama keçid planından diqqəti yayındırmamalıdır. Liderlər böhranı, əsasən, milli səviyyədə həll edirlər, lakin virusun cəmiyyətə təsiri sərhəd tanımır.

İnsan sağlamlığına həmlənin müvəqqəti olacağına ümid edilsə də, epidemiyanın səbəb olduğu siyasi və iqtisadi sarsıntılar bir neçə nəsil davam edə bilər. Heç bir ölkə, hətta ABŞ da virusu milli səylərlə məğlub edə bilməz. Zəruri problemlərin həlli yekunda qlobal ortaq uzaqgörənlik və proqramla müşayiət olunmalıdır. Hər ikisini birlikdə edə bilməsək, dəhşətli nəticələrlə qarşılaşacağıq.

ABŞ Marşall Planının və Manhetten Layihəsinin inkişafından dərs çıxararaq, üç sahədə ciddi səy göstərməlidir.

Birincisi, yoluxucu xəstəliklərə qarşı qlobal müqavimət güclənməlidir. Tibb elminin çiçək və poliomielitə qarşı peyvənd, yaxud süni intellektin köməyi ilə diaqnozun elmi və texnoloji möcüzəsi kimi zəfərləri bizdə təhlükəli arxayınlıq əhval-ruhiyyəsi yaratdı. İnfeksiyaya nəzarət, vaksin üçün yeni metod və texnologiyalar hazırlamalıyıq. Şəhərlər, dövlətlər və bölgələr ehtiyatların toplanması və birgə tədqiqat planlaşdırması yolu ilə pandemiyadan qorunmağa daim hazırlaşmalıdır.

İkincisi, qlobal iqtisadiyyatın yaralarını sağaltmağa çalışılmalıdır. Dünya liderləri 2008-ci il maliyyə böhranından vacib dərslər çıxardılar. İndiki iqtisadi böhran daha mürəkkəbdir: koronavirusun yaratdığı tənəzzülün sürət və qlobal miqyasının tarixdə analoqu yoxdur. Sosial məsafə və məktəblərin, müəssisələrin bağlanması kimi zəruri xalq sağlamlığı tədbirləri iqtisadi problemləri daha da artırır.

Proqramlar, eyni zamanda, dünyanın daha həssas əhalisi üçün gözlənilən xaosun nəticələrinin yumşaldılmasına yönəldilməlidir.

Üçüncüsü, liberal dünya nizamının prinsipləri müdafiə edilməlidir. 

Müasir hökumət haqqında əsatir budur – güclü, bəzən qəddar, bəzən isə xoşrəftar, lakin hər zaman insanları xarici düşməndən qorumaq üçün kifayət qədər qüvvətli hökmdarlar tərəfindən mühafizə olunan şəhər-qala.

Maarifçilik mütəfəkkirləri bu konsepsiyaya yenidən baxaraq, hüquqi dövlətin məqsədinin insanların əsas ehtiyaclarını - təhlükəsizlik, nizam, iqtisadi rifah və ədalət - təmin etmək olduğunu iddia etdilər. İnsanlar bunları özləri təmin edə bilmirlər.

Pandemiya çiçəklənmənin qlobal ticarətdən və insanların yerdəyişməsindən asılı olduğu bir dövrdə anaxronizmə (tarixin xronologiyasının pozulması və bir dövrün hadisələrinin başqa dövrə aid edilməsi), divarlarla əhatəli şəhərin intibahına gətirib çıxarıb.

Dünya demokratiyalarına maarifçilik dəyərlərini dəstəkləmək və qoruyub saxlamaq lazımdır. Hakimiyyət və legitimlik arasındakı tarazlıqdan qlobal sapma ictimai müqavilənin həm daxili, həm də beynəlxalq səviyyədə çökməsinə səbəb olacaq. Lakin legitimlik və hökumət barədə minillik məsələ COVID-19 vəbasını dəf etmək səyləri ilə eyni vaxtda həll oluna bilməz.

Özünüidarəetmə bütün tərəflər üçün lazımdır - həm daxili siyasətdə, həm də beynəlxalq diplomatiyada. Prioritetlər müəyyən edilməlidir.

Arden döyüşündən zənginliyin və insanın ləyaqət səviyyəsinin böyüdüyü bir dünyaya keçdik.

Biz əlamətdar bir dövrdə yaşayırıq. Ölkə rəhbərləri üçün tarixi məsələ böhranı nizamlamaq və eyni zamanda, gələcəyi qurarkən həll etməkdir.

Uğursuzluq dünyanı silkələyə bilər.