herracda-29-dovlet-emlaki-satilib

Hərracda 29 dövlət əmlakı satılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 iyun tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac reallaşıb.

İnsider.az xəbər verir ki, 29 dövlət əmlakı üzrə ümumilikdə 71 sifariş verilib. 16 vətəndaş isə hərracda iştirak üçün sifarişini onlayn formada edib. İstehsal illəri 1994-2010 olan nəqliyyat vasitələri Nissan, Fiat, Volkswagen və digər markalara aiddir. Qeyd edək ki, avtomobillərdən 18-i rəqabətli hərracda özəlləşdirilib.

Ən yüksək rəqabət buraxılış tarixi 2008 olan Toyota Corolla markalı nəqliyyat vasitəsinin hərracında müşahidə olunub. Belə ki, bu avtomobilə sahib olmaq istəyən 8 nəfərin aktiv iştirakı ilə ilkin hərrac qiyməti 6 min manat olan dövlət əmlakı 9 min 300 manata özəlləşdirilib.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac iyulun 2-si keçiriləcək. Özəlləşməyə çıxarılan 85 dövlət əmlakından 19-u səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir. Hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifarişçi statusu qazanmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.