ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və qızı Çelsi film və televiziya layihələri istehsalı üzrə fərdi şirkətlərinin yaradılması ilə məşğuldurlar. İnsider.az bunu “Bloomberg” agentliyinə istinadla xəbər verir.
Qeyd olunur ki, 71 yaşlı Klinton qızı ilə birgə əsasən, qadınlara həsr olunacaq layihələrin maliyyələşdirilmə məsələsinə görə bir sıra kinostudiyalarla danışıqlar aparır.
Agentliyin mənbələri bildirir ki, hazırda siyasətdən kənar olan Klinton kino və televiziyanı Amerika mədəniyyətinə və cəmiyyətinə təsir üçün istifadə etməyə ümid edir.
“Bloomberg”-in qiymətləndirməsinə görə, o, şayiələrə baxmayaraq, böyük siyasətdən qəti surətdə gedib və ABŞ prezidenti vəzifəsi üçün yenidən seçkilərə qatılmaq niyyətində deyil.
Klinton maliyyələşmə üçün ona fəal siyasi fəaliyyəti dövründə kömək göstərmiş məşhur Hollivud xadimlərinin dəstəyinə müraciət edə bilər. Həmin şəxslərdən Stiven Spilberq, blokbaster rejissoru Cey Cey Abrams, “DreamWorks Animation” studiyasının baş direktoru Cefri Katzenberqin adını çəkmək olar.
Samirə Məmmədova