hovsanda-guzestli-menzillerin-satisina-baslanildi

Hövsanda güzəştli mənzillərin satışına başlanıldı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin ümumilikdə 503 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə aprelin 21-i saat 11:00-da başlanıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Bu barədə MİDA-dan məlumat verilib.

Məlumatda deyilir ki, bu məqsədlə kompleksin 1 saylı binası üzrə 4, 2 saylı binası üzrə 22, 3 saylı binası üzrə 52, 4 saylı binası üzrə 23, 6 saylı binası üzrə 159 və 7 saylı binası üzrə 243 mənzilin satışı həyata keçirilib.

Ölkə prezidentinin 24.05.2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 503 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

Bugünkü satış zamanı 503 mənzilin seçimində iştirak edənlərin sayı 1472 nəfər olub. Bu saata olan məlumata görə, seçilmiş 503 mənzilin 404-ü vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 26 aprel 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2021-ci il tarixi saat 11:00-a qədər davam edəcək.