Bu ilin I rübündə STAR neft emalı zavodundan “Petkim” neft-kimya kompleksinə 84 min ton neft məhsulları tədarük edilib.
İnsider.az xəbər verir ki, bu həcmin 75 min tonunu nafta təşkil edib.
Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir. "Petkim"in qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.
Ötən il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6mln. ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR yanvar ayında istehsal etdiyi ilk nafta məhsulunu “Petkim”ə tədarük edib.
©Report.az