ii-ixtisas-qrupu-uzre-qebul-imtahani-kecirilir

II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunur.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə;

-  Şəxsiyyəti təsdiq edən sənədin əsli:

-   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 75 imtahan binası, 1266 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 75 ümumi imtahan rəhbəri, 249 imtahan rəhbəri, 1647 nəzarətçi–müəllim, 157 buraxılış rejimi əməkdaşı, 75 bina nümayəndəsi ayrılıb.

İmtahanda 16758 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 15126 nəfər Azərbaycan, 1632 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 10915 nəfəri oğlan, 5843 nəfəri isə qızdır. 13479 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2786 nəfər əvvəlki illərin məzunudur. 27 nəfər ali təhsil müəssisələrinin, 466 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 67 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cü ildən, ən gənci isə 2006-cı ildəndir.

İmtahanda 13 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. 

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 33 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.