2023-cü il III Avropa Oyunlarının məkanı Avropa Olimpiya Komitələrinin (EOC) Belarusun paytaxtı Minskdəki Növbədənkənar Baş Assambleyasında müəyyənləşəcək.
İnsider.az-ın məlumatına görə, bu barədə TASS-a müsahibəsində Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanez Kotsiyançiç bildirib. Sloveniyalı funksioner deyib ki, iclas "Minsk 2019" II Avropa Oyunları ərəfəsində gerçəkləşəcək. Kotsiyançiç bir neçə şəhərin Oyunlara ev sahibliyi etmək istəyini ifadə etdiklərini bildirib: "Namizədlərdən ərizə qəbulu üçün açıq prosedur mövcuddur. Bir neçə şəhər Oyunların təşkilatçısı olmaq istədiyini açıqlayıb. "Minsk 2019" ərəfəsində EOC-un Növbədənkənar Baş Assambleyası keçiriləcək və biz növbəti Oyunların ev sahibini seçəcəyik. Ərizə qəbulu proseduru açıq olduğundan, namizədləri hələlik açıqlamaq istəməzdim. Amma xüsusi maraq göstərən iki şəhər var. Səsvermə qapalı olacaq. Bu səbəbdən, 50 Milli Olimpiya Komitəsi qarşısında namizədləri açıqlamaq və kiməsə üstünlük vermək düzgün olmazdı".
Hazırda III Avropa Oyunlarını keçirməyə Rusiyanın Kazan və Polşanın Katovitse şəhərlərinin iddialı olduqları bildirilir.
Qeyd edək ki, "Minsk 2019" II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. İlk Avropa Oyunları isə 2015-ci il 12 - 26 iyunda Bakıda təşkil olunub.
©"Report"