indoneziyanin-paytaxti-kocur

İndoneziyanın paytaxtı köçür

İndoneziya prezidenti Coko Vidodo avqustun 26-sı ölkənin paytaxtının Cakartadan Kalimantan adasının cənub-şərqinə köçürülməsini elan edib. İnsider.az bunu “TASS”-a istinadla xəbər verir.

Bu məqsədə təxminən 32 milyard dollar xərclənməsi planlaşdırılır. Əsas işlər 2021-ci ildə başlanacaq. Dövlət strukturlarının yeni paytaxta artıq 2024-cü ildə köçəcəyi gözlənilir.

Öncədən yeni paytaxtla bağlı bir neçə variant var idi. Xüsusilə, bütün dövlət strukturlarının ancaq Cakartanın mərkəzində yerləşdirilməsi və ya yaxın şəhərlərin birinə köçürülməsi planda idi. Yekunda isə tamamilə digər adaya köçürülmə variantının üzərində qaldılar.

Kalimantan seysmoloji təhlükəsiz rayonda yerləşir. Bu isə tektonik fəlakətlərin gün ərzində ortalama 5-6 dəfə baş verdiyi region üçün olduqca əhəmiyyətli amildir.

Hazırkı paytaxt şəhər infrastrukturunun yetərincə inkişaf etməməsi ilə bağlı olan ciddi problemlərlə də üzləşir. Belə ki, “Uber” şirkətinin araşdırmasına əsasən, Cakarta tıxacında sürücülər ildə 22 gün keçirirlər – bu isə Asiyada ən yüksək göstəricidir. Bundan başqa, şəhər dünyanın ən yüklənmiş meqapolisləri reytinqində 12-ci yeri tutur.

Xatırladaq ki, İndoneziya hökümətinin paytaxtı Cakartadan köçürmə planları barədə cari ilin aprel ayında məlum olmuşdu. 

Samirə Məmmədova