innovasiyalar-agentliyinin-zereri-2-defeden-cox-artib

İnnovasiyalar Agentliyinin zərəri 2 dəfədən çox artıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İnnovasiyalar Agentliyi 2020-ci ili 2,225 milyon manat zərərlə başa vurub.

Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 2,35 dəfə çoxdur.

Ötən il İnnovasiyalar Agentliyinin ticarət fəaliyyətindən gəlirləri 64 min manat (əvvəlki ilə nisbətən təxminən 8 dəfə çox), investisiya gəlirləri 35 min manat (2,3 dəfə çox), ehtiyata ayırmalar üzrə qənaəti 11 min manat (əvvəlki il ehtiyat yaradıb), əməliyyat xərcləri 65 min mnaat (4,8 dəfə çox), inzibati xərcləri 2,272 milyon manat (3,6 dəfə çox), digər gəlirləri isə 2 min manat təşkil edib.

Bu il yanvarın 1-nə İnnovasiyalar Agentliyinin aktivləri 29,676 milyon manat olub ki, bu da illik müqayisədə 2,6% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 4% artaraq 760 min manata, balans kapitalı isə 2,5% artaraq 28,915 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 90,8% artaraq 954 min manata çatıb.

Xatırladaq ki, İnnovasiyalar Agentliyi ölkə prezidentinin 6 noyabr 2018-ci il tarixli fərmanı ilə, NRYTN-nin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında yaradılıb.

Report