insan-her-hansi-nailiyyeti-elde-edibse-onu-yeniden-qazana-ve-subut-ede-biler-musahibe

“İnsan hər hansı nailiyyəti əldə edibsə, onu yenidən qazana və sübut edə bilər” – MÜSAHİBƏ

Yüksək səviyyəli təhsil almaq - peşəkar və şəxsi inkişaf, eləcə də karyera qurmaq həvəsində olan əksər gənclər üçün mühüm mərhələdir. Son illərdə xaricdə təhsilin populyarlığının artması da heç kəs üçün sirr deyil. Xaricdə təhsil alan həmyerlimiz ilə bu tendensiya, seçim və şəxsən onun üçün xaricdə təhsilin önəmi və fərqli yanaşmaya dair söhbət etdik.       

İnsider.az-ın bu dəfəki qonağı BƏƏ-nin Al Ain (Abu-Dhabi) “UAE University” universitetində Biznesin idarə edilməsi üzrə MBA təhsil alan və “Boeing” şirkətində çalışan Ayaz Əfəndiyevdir. 

- Xaricdə təhsil almaq çox adamın xəyalıdır. Seçim isə adətən ABŞ və Avropa ölkələri üzərinə düşür. Sizcə təhsil üçün xaricə üz tutmağa dəyər? 
- Mən başqalarının yerinə danışa bilmərəm, amma öz yerimə deyə bilərəm ki, mənim üçün xaricdə təhsil sadəcə bilik almaq məqsədi daşımır. Xaricdə təhsil alanda yalnız ölkənin təhsil sistemi ilə deyil, həm də mədəniyyəti və insanları ilə inteqrasiya edirsən. Ünsiyyət imkanı təhsil almaqdan daha yüksəkdir. Təhsil almaq problem deyil, bu insanın düşüncəsi, istəyi və bacarıqlarından asılı olan bir şeydir. Müəyyən savadı və təhsili insan özü də ala bilər. Mən xarici ölkəni, dövləti, həmin ölkənin insanlarını öyrənməyə daha çox üstünlük verirəm. Bu gələcəkdə həm iş, həm də işdən kənar mühitdə insana istənilən hədəfə nail olma imkanı yaradan önəmli amildir. 
Ölkə seçiminə gəldikdə isə, Avropa, ABŞ və yaxud başqa bir dövlət, məncə onun fərqi yoxdur, əsas odur ki, nə istədiyini, nə etdiyini biləsən və qarşında məqsədin olsun. Sadəcə, üz tutacağınız ölkənin imicinə və nüfuzuna aldanmaq lazım deyil. Hətta universitetin reytinqi belə, müəyyən məqam və həddən sonra böyük rol oynamır. Bütün amillər və gələcək nəticələr müəyyən andan sonra insanın özünə bağlanır.

- Demək sizin üçün təcrübə, nəzəriyyədən öndədir...
- Bəli. Fərqli dövlətdə oxumaq, fərqli millət ilə yaşamaq böyük təcrübədir. Oxuduğum Al Ain şəhəri Abu-Dabi vilayətində yerləşir, əhalinin əksəriyyəti etnik ərəblərdən ibarətdir. Təhsil illərimin gələcəkdə mənə kömək edəcək bir təcrübənin əsası olduğuna inanıram. Orta məktəbin bir neçə ilini Amerikada oxumuşam. Həmin illərdə Azərbaycanda ala bilməyəcəyim xüsusi bilik əldə etməsəm də, qazandığım təcrübənin həyatımı dəyişdiyini deyə bilərəm. Həm də bu təcrübə fərqli düşüncəli insanlar ilə ünsiyyətdən yarandığı üçün daha dəyərlidir.

- Bəs təhsil aldığınız universitetdə necə, əcnəbilər çoxdur?
- MBA oxuduğum fakültədə yeganə ekspat mənəm. Əslində bu mənim xaricdə təhsil alma üzrə ilk təcrübəm deyil. Bayaq da qeyd etdim ki, orta təhsilin müəyyən hissəsini ABŞ-da oxumuşam, daha sonra universitet illərində Stenford universitetində kurslarda iştirak etmişəm. Düzünü desəm həmin dövrdə MBA-nı ABŞ-da oxumaq fikrim var idi. Bir şeyi də qeyd edim ki, hazırda yaşadığım şəhərin əhalisinin əksər hissəsi yerli əhalidir, ümumiyyətlə bu şəhər BƏƏ-də yerli əhalinin sayına görə, birinci yerdədir və əlbəttə bu universitetdə də öz əksini göstərir.

- Bəs necə oldu ABŞ-ı deyil Ərəb Əmirliklərini seçdiniz?
- Hələ 2015-ci ildə, ərəb dilini öyrənməyə başlamışdım. Təsəvvür edin ki, dil öyrənmək üçün səhər 07.00-da müəllimin yanında, 09.00-da işdə olurdum. Bəzən isə iş vaxtı bir-iki saat zaman tapıb mütləq məşğul olurdum. Düzdür istədiyim qədər alınmırdı, amma  bacardığımı edirdim. Müəllim bu vəziyyətdə mənə böyük dəstək olurdu, çünki ev tapşırıqlarımı yerinə yetirməyi çox zaman çatdırmırdım. MBA üçün universitet seçəndə düşündüm ki, fərqli bir ölkəyə gedim, başqa bir mədəniyyət tanıyım. Həm də ərəb dili bacarığımı daha yüksək səviyyəyə gətirmək arzusunda idim, həmin biliklərin tətbiqi üçün praktiki mühit lazım idi.

- Belə çıxır ki, ərəb dili məqsədli şəkildə öyrənilməmişdi?
- Xeyr, məqsədyönlü deyildi, maraq üçün öyrənmişdim. Spesifik və çətin strukturlu hər şeyə marağım var. Ərəb dili çox spesifik və öyrənilməsi heç də asan olmayan bir dildir. Ölkə seçildikdən sonra, sıra gəldi ali təhsil ocağının seçilməsinə. Dubay və Abu-Dabi şəhərlərində universitetlər çoxdur. Dubay turistik şəhər olduğu üçün, orada ərəblərin sayı azdır, bu məlum faktdır. Bu səbəbdən də Dubayda ərəb dilini öyrənmək və ya mövcud dil bazanı inkişaf etdirmək mümkün deyil. Bu şəhərdə bütün xarici universitetlərin filialları var. Amma mənim fikrim etniki bir yerdə oxumaq idi. İnternetdə uzun axtarışlardan sonra Abu-Dabi əmirliyinin daxilində olan Al Ain şəhərini tapdım. Etniki olaraq ölkəni idarə edən ailənin kökü oradan gəlir. Orada böyük bir universitet var. Ərəb ölkələri arasında ilk beşlikdədir, öz ölkəsində isə nömrə birdir. Dövləti idarə edən ailənin bir çox üzvləri və ölkənin tanınmış adamları həmin universitetdə təhsil alıb.
 


- Universitetdə təhsili ərəb dilində alırsınız?
- Xeyr. Təhsil həm ərəb, həm də ingilis dilindədir. MBA dünya akkreditasiyası olduğu üçün standartlara uyğun olaraq dərslər ingilis dilində tədris edilir. Universitetdə ərəb müəllimləri var, onlar dərsləri ərəb dilində də aparır, amma dərslərin 90-95% ingilis dilindədir. Universitetin reklamında bütün dünyadan tələbələrin təhsil alındığı göstərilsə də, tələbələr  əsasən etnik ərəblərdir. 
Sənədlərimi verdiyim birinci ildə məni qəbul etmədilər. Təhsil almaq məqsədimi həyata keçirmək üçün Al Ain şəhərinə uçdum, hazırda təhsil aldığım fakültənin rəhbəri və müəllimləri ilə görüşdüm. Onlar dilə və ölkəyə olan marağımı gördükdən sonra, mənə yenidən sənəd verməyi tövsiyə etdilər. Yenidən sənədlərimi verdim və qəbul oldum. 2017-ci ilin iyun ayında müsbət cavab çıxdı, avqust ayında isə dərslərimə başladım. Təbii ki, qoyduğum vəsait və əziyyətin nəticəsini gözləyirəm. Nail olmaq istədiyim məqsəd var. Alışdığım mühitdən kənarda özümü sınamaq, fərqli mühitdə özümün nəyə nail olacağımı yoxlamaq istəyirəm.

- Müəllim heyəti necə, yerli və ya xarici mütəxəssislərdir, ümumiyyətlə bunun təhsilə olan marağa təsiri var?
- MBA proqramında İsveçrədən, Kanadadan, ABŞ-dan, Misirdən, Norveçdən gəlib burada dərs deyən müəllimlər var. Ümumiyyətlə təhsil almaq üçün əsas olan: potensial və istəkdir. Mənim isə təhsilə potensialım həmişə olub, istəyim olmayıb. Ortalama bal CP orada maksimum 4 ola bilər, məndə 3,87-dir. Yəni davamiyyət balı 97 faizdir.

- Xarici bir dövlətdə oxuyan rezident üçün “Boeing” kimi nəhəng şirkətdə işə düzəlmək elə də asan deyil. Buna necə nail oldunuz?
- Bir semestr oxuduqdan sonra tətil zamanı təcrübə keçmək üçün sənədlərimi hazırlayıb şirkətlərə yolladım. Bunun çox çətin və həddən artıq vaxt tələb edən bir proses olduğunu xüsusi qeyd etmək istərdim.  MBA proqramının əsas xüsusiyyəti ondan ibarətdir ki, 1 il oxuduqdan sonra 3 ay təcrübə keçib yenidən universitetə qayıdırsan. Amma o təcrübəni özün tapıb qazanmalısan, universitet heç bir şəkildə yardim göstərmir.


Təcrübə məqsədilə “Boeing” ofisi də daxil olmaqla, bir neçə şirkətə sənədlərimi verdim. Əslində proqramın Amerikada olacağını bilmirdim. İki aydan sonra mənə Amerikadan zəng etdilər və müsahibə üçün cəmi 15 dəqiqə vaxtımın olduğunu dedilər. Bu telefon danışığından 2 həftə sonra mənə fevral ayının 17-də Dubayda görüşün baş tutacağına dair email gəldi. 
“Boeing” şirkətinin Amerikada xüsusi bir HR proqramı var, həmin proqram üzrə dünyada şirkətin strateji marağı olan ölkələrdən hər il 8-9 adam işə qəbul edilir. Çox çətin bir proqramdır. Müsahibə aparmaq üçün namizədin olduğu ölkəyə uçurlar. “Boeing”-in Dubaydakı ofisinin müsahibə etməyə ixtiyarı yoxdur. Əlavə etmək istərdim ki, bu proqram standart 3 aylıq təcrübə proqramından fərqli olaraq, 6 ay müddətinədir. Yəni tam işləmə nəzərdə tutulub, təcrübə konseptindən uzaqdır. O zaman bir neçə yerdən təklif olsa da, marağımın məhz bu şirkətə və sənayeyə olduğu üçün, seçim də elə bu şirkətin xeyrinə oldu. 

- Strateji marağı olan ölkə dedikdə Birləşmiş Ərəb Əmirlikləri nəzərdə tutulur, orada oxuduğunuz zaman ölkə vətəndaşları ilə eyni şəkildə müsahibədə iştirak etmə hüququna sahib idiniz, ya fərqli imtiyazlar mövcud idi?
- Konkret siyahı var ki, həmin ölkələrdən ildə bir adam işə qəbul olur. Bu siyahıya Hindistan, Sinqapur, Koreya, BƏƏ və bir neçə Afrika ölkəsi daxildir. Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (Gulf Cooperation Council -GCC) daxil olan bütün ölkələrdən bir adam götürülür. Ərəb əmirliyinin rezidenti olduğum üçün ölkə vətəndaşları ilə bərabər hüquqda sənəd verməyə ixtiyarım oldu. 
Fevralın 17-də Amerikadan gələn üç nəfərlik nümayəndə heyəti ilə 45-50 dəqiqə sürən müsahibəm oldu. Bir yerə ümumilikdə 250 nəfərdən artıq adam sənəd vermişdi. Sonuncu mərhələyə qalan 8 nəfəri nahara dəvət etdilər. Günün axırına kimi zəng edib cavabı deyəcəklərini bildirdilər. Həmin gün axşam saat 19.00-da zəng edib qəbul olduğumu və proqramın 6 ay çəkəcəyini bildirdillər.
Bir şeyi qeyd edim ki, bu mənim gözlədiyim kimi adi üç aylıq təcrübə olmadı. Onlar bizi 6 aylıq müqaviləli işə dəvət etdilər, həm də bu müqaviləni sonradan 6 ay müddətinə uzatmağı təklif etdilər. Necə deyərlər, lazım olan vaxtda lazım olan yerdə, lazım olan imkanlara sahib oldum.

- “Boeing” şirkəti industriya nəhənglərindəndir. Orada işə başlarkən təsəvvürünüz və reallıq üst-üstə düşdü?
- İlk olaraq deyim ki, industriyaya uşaqlıqdan marağım olub, amma lazım olan mühit olmayıb. Mən ora yola düşərkən, elə də böyük bir qurum gözləmirdim, təsəvvürümdə yaratdığımdan daha nəhəng və qüdrətli bir qurum ilə qarşılaşdım.  
Şirkətin baş ofisi Sietl şəhərində yerləşir. Şəhərin müəyyən bir hissəsi “Boeing” üçün ayrılıb, istehsalat zonası oradadır. Mən oturduğum ofisin öz aeroportu var idi, bir binadan digərinə təyyarə ilə uçduğumuz da olub. Ümumilikdə şirkətdə 180 min civarında adam çalışır. Yəni çox böyük şirkətdir. Düzdür Çində 1 milyon adamın çalışdığı şirkət var, amma bu istehsalat və çox spesifik bir sferadır. Zavodların və binaların nəhəngliyini təsəvvür etmək mümkün deyil. Bir binanı gəzib qurtarmaq üçün 8-9 saat vaxt lazımdır. İşlədiyim dövrdə hətta təyyarənin yığıldığı zavodda, yığılmamış təyyarənin içində olmuşam, rəngləmə və digər prosesləri müşahidə etmişəm. 

- Müqavilənin ilk altı ayı başa çatıb, müddəti uzatmağı düşünürsünüz?
- Xeyr. Çünki ABŞ-da qalmaq istəmirəm. Mənim üçün təhsilimi başa vurmaq, “The Boeing Company or Boeing” şirkətində çalışmaqdan daha vacibdir. 

- Böyük bir rəqabəti yenərək qazandınız şansı əldən vermiş hesab etmirsinizmi?
- Qətiyyən. Mənim fikrimcə insan hər hansı nailiyyəti əldə edibsə, onu yenidən qazana və sübut edə bilər. Həmin Şirkətdə və ya başqa bir mühitdə fərqi yoxdur. Əslində işdən də tam olaraq azad edilmədim, oradan da Akademik məzuniyyət verdilər. Sənəd üzrə isə hələ də işdəyəm və bu müddət ərzində təyinatım verilməlidir. Bəzi ölkələrdən gələn iş təkliflərindən imtina etdim. Dubay və Abu-Dabi ofisi ilə əlaqəli söhbətlər davam edir. Dubay və ya Abu-Dabidə yerləşən ofislərdən birində mənə iş versələr, davam edə bilərəm. 

Səbinə Səmidxan