investor-olmaq-tehlukelidirmi

İnvestor olmaq təhlükəlidirmi? 

Hər hansı bir şirkətin investoru olmaq onun payçısı, sahibi olmaq deməkdir. Bütün şirkətlərin sahibləri, payçıları, səhmdarları elə onun investorlarıdır. Səhmdar cəmiyyətində payçının adı səhmdar, məhdud məsuliyyətli cəmiyyətdə isə iştirakçı kimi gedir. Adlar fərqli olsa da, hamısı eyni mahiyyət daşıyır və investorluq hesab olunur. Yəni şəxslər şirkətlərə investisiya yatırır, sərmayə qoyurlar. Beləliklə, şirkətin sahiblərindən birinə çevrilirlər. Bəs hər hansı bir şirkətin investoru olmaq təklifi gəldikdə, özümüzü fırıldaqdan necə sığortalaya bilərik? Və ya yatırım edildikdən sonra razılaşdırılmış faiz (məbləğ) ödənmirsə, pulumu geri ala bilərəmmi? 

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov məsələni İnsider.az-a şərh edərkən bildirdi ki, istənilən şirkətdə ali - əsas orqan iştirakçıların, payçıların, səhmdarların ümumi yığıncağıdır. Orada isə qərarlar səs çoxluğu ilə qəbul edilir: “Kimin payı daha çoxdursa, yəni 50 faizdən artıq paya sahibdirsə, faktiki olaraq, şirkəti o idarə edir. Payı az olanlar qərarlara təsir edə bilmir. Yəni ümumi yığıncaq bütün qərarları verir, şirkətin rəhbərini təyin edir, və s. Tutaq ki, bir nəfər məhdud məsuliyyətli və ya səhmdar cəmiyyəti yaradır, digər bir şəxsə isə bu şirkətin investoru olmağı, sahiblərdən birinə çevrilməyi təklif edir. Amma bu zaman təklif alan şəxsin payı az olacaq. Əsas payçı həmin şəxs özü olacaq, 51 faiz ona məxsus olacaq. Digərlərinin isə xırda-xırda payları olacaq. Yəni əsas idarəçi təklifi edəndir. Bütün digər payçılar birləşsələr belə, onun payı, onun səsi üstünlük təşkil edir. Beləliklə də, şirkəti istədiyi kimi idarə edir. Bu zaman təklifi alanın yatırdığı pullar bata bilər. Siz şirkətə niyə investisiya qoyursunuz? Ona görə ki, o, hansısa biznes sahəsində fəaliyyət göstərsin, gəlir əldə etsin və ilin sonunda da mənfəət dividend formasında, qoyulan paya uyğun hamının arasında bölünsün”. 

Tutaq ki, şirkətin xalis mənfəəti 100 manatdır. Onun 51 manatı əsas payçının, yəni 51 faiz hissəyə sahib olan şəxsin olur. Yerdə qalan pul isə digər payçılar arasında faizlərinə uyğun şəkildə bölünür: “Şirkət mənim əlimdədirsə, mən elə edə bilərəm ki, şirkət ümumiyyətlə mənfəətə çıxmasın. Bunun çox sadə yolları var. Məsələn, ofis xərcləri, əməkdaşlara yüksək məvacib vermək adı altında və s. bu kimi səbəblər gətirməklə şirkətin xərclərini artıra bilərəm. İşçilər də təbii ki, mənim öz adamlarımdır. Belə olan təqdirdə, siz qoyduğunuz pulu geri ala bilməyəcəksiniz”. 

Ekspert bu kimi hallara görə, heç kəsə belə xırda investisiyalar qoymağı tövsiyyə etmədiyini qeyd etdi: “Çünki bizim korporativ qanunvericiliyimiz (şirkətlər haqqında qanunvericilik) çox zəifdir və dünya standartlarına cavab vermir. Olan qanunvericiliyin də tətbiqində xeyli problem var. Korporativ idarəetmə deyilən bir anlayış var. Yəni hər bir şirkətin idarəetmə orqanları elə təşkil edilməlidir ki, az investisiya qoyanların da maraqları nəzərə alınsın. Bu, bizdə işləmir. Maliyyə hesabatları qeyri-şəffafdır, kölgə iqtisadiyyatı var. Yəni şirkətlərin gəlirlərinin əsas hissəsi rəsmi deyil. Məsələn, şirkətdə mənim payım çoxdur. Buna görə də nəzarət paketi məndədir. Mən də şirkəti gəlirə - mənfəətə çıxmağa qoymuram. Pulları mən özüm götürürəm və sizə heç nə çatmır. Buna siz təsir edə bilməzsiniz”. 

Hüquqşünas nəzərə çatdırdı ki, hətta 2 nəfər şirkəti 50/50-yə açdıqda belə, sonradan biri digərini aldada bilir: “Hamısı qanunvericilikdə olan boşluqlardan irəli gəlir. Eləcə də, qanunun tətbiqi aşağı səviyyədədir, korporativ idarəetmə, korporativ mədəniyyət yoxdur, maliyyə hesabatları şəffaf deyil. Məhkəmələr də hüquqları, imkanları qoruya, lazımi qiymət verə bilmir. Bir sözlə, vətəndaşlara hazırda bu cür işlərə qoşulmamaq tövsiyyə olunur”. 
Şəfa Tapdıq