iordaniyada-beynelxalq-saglamliq-turizmi-forumu-kecirilib

İordaniyada Beynəlxalq Sağlamlıq Turizmi Forumu keçirilib

Noyabrın 19-21-də İordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində Kral II Abdulla ibn Hüseynin himayəsi ilə postpandemiya dövründə dünyanın ən böyük sağlamlıq turizmi tədbirlərindən sayılan İHTF-2022 (Beynəlxalq Sağlamlıq Turizmi Forumu) keçirilib. Forumda 50-dən artıq ölkədən 700-dək nümayəndə iştirak edib. Ölkəmizi bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü Ruslan Quliyev təmsil edib. Tədbirin ilk günündə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə İordaniya Özəl Sağlamlıq Qurumları Assosiasiyası (PHA) arasında qurumun sədri Dr. Feyzi Al-Hammori, İordaniya Haşimilər Krallığının səhiyyə naziri, cənab Dr Dera Al-Hashari, digər hökumət və dövlət nümayəndələrinin iştirakı ilə uzunmüddətli qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Forum zamanı Qlobal Sağlamlıq Turizmi Təşkilatının təqdimatı çərçivəsində Azərbaycanın 2018-2019-cu illərdə bu quruma rəhbərlik etdiyi dövrdə görülən işlər, bu sahədə Azərbaycanın mövcud təcrübəsi haqqında forum iştirakçılarına geniş məlumat verilib. GHTC stendində İordaniya Haşimilər Krallığının səhiyyə naziri və İordaniya Turizm Bürosunun birinci şəxslərinə Azərbaycanda sağlamlıq turizmi imkanlarını, o cümlədən Naftalan, Duzdağ, Qalaaltı və digər təsislər haqqında ətraflı məlumatların əks olunduğu reklam-çap məhsulları təqdim olunub.

Sonra forum öz işini panel müzakirələri ilə davam etdirib. Panellərdə əsasən qanunvericilik, səhiyyə əməkdaşlığının gücləndirilməsində diplomatların rolu, ürək-damar xəstəliklərinin idarə edilməsində mükəmməllik, səhiyyənin optimallaşdırılmasında beynəlxalq təşkilatların rolu, medianın səhiyyə səyahətinə təsiri kimi vacib mövzulara toxunulub.

Tədbirin 2-ci günü Qlobal Sağlamlıq Turizmi Şurasının qapalı toplantısı keçirilib. Toplantıda 2023-cü ilin 26-27 aprelində Xorvatiyada Qlobal Sağlamlıq Turizmi Şurasının növbəti 5-ci Zirvə görüşünün keçirilməsi qərara alınıb. Eyni zamanda yeni ölkələrin bu təşkilata üzvlük məsələsi müzakirə olunub. Toplantıda həmçinin Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və  Şərqi Zəngəzur iqtisadi rayonlarının sağlamlıq turizmi potensialı barədə quruma üzv ölkələrin nümayəndələrinə məlumat verilib. 

Daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevə Azərbaycanın 2018-2019-cu illərdə Qlobal Sağlamlıq Turizmi Təşkilatına rəhbərlik etdiyi dövrdə qlobal sağlamlıq turizminin inkişafında göstərdiyi xidmətə görə xüsusi təşəkkür plaketi təqdim olunub. 

Forumun sonunda iştirakçı və çıxışçılara təşkilatçılar adından sertifikat və hədiyyələr verilib. Tədbirin sonuncu günü iştirakçılar ücün Amman və Ölü dənizin İordaniya hissəsində fəaliyyət göstərən sağlamlıq turizmi müəssisələrinə tanışlıq turu təşkil edilib.

Qeyd edək ki, İordaniya Haşimilər Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci il ildə tanıyıb. Azərbaycanla İordaniya arasında diplomatik münasibətlər isə 13 fevral 1993-cü ildə qurulub. O vaxtdan indiyədək həm hər iki ölkənin dövlət başçılarının, həm hökumət və parlament rəhbərlərinin qarşılıqlı səfərləri reallaşıb. Müxtəlif sahələrdə əməkdaşlıq memorandumları imzalanıb. Hazırda Azərbaycanla İordaniya arasında yüksək səviyyəli mehriban münasibətlər mövcuddur.