2020-ci il ərzində banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 257,5 milyon manat olub. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə (173,3 milyon manat) 48,26 faiz çox olub.
İnsider.az xəbər verir ki, ötən il İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi isə 163,5 milyon manat olub. Əvvəlki illə müqayisədə bu kreditlərin həcmi 1,3 dəfə azalıb.
2020-ci il ərzində dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 161,2 milyon manat ayrılıb. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə (80 milyon manat) iki dəfə çoxdur.
12 ay ərzində Fondun yerləşdirilmiş istiqrazlarının həcmi 250 milyon manat təşkil edib. Əvvəlki illə müqayisədə bu, 100 milyon manat daha çox olub.
Əlavə edək ki, ötən ilin dekabr ayına qədər müvəkkil kredit təşkilatları (MKT) tərəfindən verilən məbləğ 53 min manatı təşkil edib.
İl ərzində faiz dərəcələrində dəyişiklik olub. Belə ki, yanvar ayında ipoteka kreditləri üzrə illik faiz dərəcəsi 6,43% olduğu halda, oktyabr, noyabr və dekabr aylarında isə 6,36% olub.
Aylıq ödənişlərin həcmi isə ilin sonunda, yəni, dekabr ayında 370,2 manat təşkil edib. İlin əvvəlindən sonuna qədər aylıq ödənişlərdə artım qeydə alınıb. Yanvar ayında aylıq ödənişin həcmi 355,8 manat, noyabr ayında isə 368,2 manata bərabər olub.
Oxu.Az