iqtisadiyyat-nazirliyi-agdamda-telim-kecirib

İqtisadiyyat Nazirliyi Ağdamda təlim keçirib

Ağdam şəhərində İqtisadiyyat Nazirliyi tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları üçün təlim keçirilib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev çıxış edərək, təlimin işinə uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edib. İşğal dövründə dağıdılmış şəhər və kəndlərimiz dövlətimizin başçısının tapşırığına uyğun olaraq yenidən qurulur. Azərbaycan digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir. Eyni vaxtda əsas infrastruktur layihələri həyata keçirilir, nəqliyyat və logistika, enerji təchizatı, su təchizatı və telekommunikasiya sahələrində işlər aparılır.

Bundan başqa, B. Hacıyev öz çıxışında təlimin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, işğaldan azad olunan ərazilərdə aparılan təmir, tikinti və bərpa prosesləri zamanı dövlət satınalmalarının tam şəffaf və qanunvericiliyə uyğun aparılması, xarici və yerli investisiyaların işğaldan azad edilmiş ərazilərə cəlbedilməsi və təşviq mexanizmlərinin qurulması məsələləri Ölkə Prezidentinin qarşıya qoyduğu ən vacib tapşırıqlardandır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov işğaldan azad edilmiş ərazidə olmaqdan qürur duyduqlarını bildirib. “Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda təqdimatla çıxış edib.

Sonra Standartlaşdırma İnstitutunun direktoru İlham Bayramovun “Keyfiyyət infrastrukturunun inkişafı, standartlaşdırma və malların, iş və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi prosedurları” mövzusunda çıxışı dinlənilib.

Təlim zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi, “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziyalar və icazələr, “Özəl sektorun işğaldan azad edilmiş ərazilərə cəlbetmə mexanizmləri”, “İnvestisiyaların təşviqi mexanizmi”, “Sahibkarların maliyyə resurslarına çıxış imkanları”, “Keyfiyyət infrastrukturunun inkişafı, standartlaşdırma və malların, iş və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi prosedurları” mövzularında məlumatlar verilib, fikir mübadiləsi aparılıb.

Təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.