ABŞ-ın İrana qarşı tətbiq etdiyi və artıq mayın 2-dən qüvəyə minən sanksiyalar təkcə İranın xaricə neft ixracına deyil, həm də bunun nəticəsi olaraq bu ölkənin milli valyutasının məzənnəsinə də təsirini göstərib.
İnsider.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, aprel ayında İran neftinin gündəlik ixracı 1,1 milyon barel təşkil edib. Bu mart ayı ilə müqayisədə gündə 300 min barel azdır. 2018-ci ilin mayı ilə müqayisədə isə neft ixracı daha kəskin azalıb. Belə ki, ötən ilin mayında İranın gündəlik neft ixracı 1,8 milyon barel idi.
Hərçənd ekspertlər iki məqamı qeyd edirlər.
Əvvəla budəfəki sanksiyalarla qadağa qoyulan ölkələrin bir neçəsi, o cümlədən Çin və Türkiyənin bu sanksiyalara əməl edib etməyəcəyi sual altındadır.
Digər tərəfdən, ekspertlər bildirir ki, Beynəlxalq Enerji Agentliyinin məlumatları heç də həmişə dəqiq olmur, yəni İranın ixrac göstəriciləri Agentliyin göstərdiyindən fərqlidir, yəni daha yüksəkdir. Bundan başqa, dollardan başqa valyuta ilə satılan neft bu göstəricilərdə əksini tapmayıb.
Amma istənilən halda ABŞ-ın sanksiyalarının İran iqtisadiyyatına ciddi zərbə olacağı şübhə doğurmur. Doğrudur, İran uzun illər sanksiyalar altında yaşayıb və ölkə iqtisadiyyatı bu rejimə öyrəşib. Amma İranı əsas gəlir mənbəyi olan neft gəlirlərindən məhrum etməyə sanksiyası iqtisadiyyata təsirsiz ötüşməyəcək. «Erarium Group» şirkətinin aktivlərin idarə edilməsi üzrə direktoru Denis Lisitsın bildirib ki, belə vəziyyətdə İranın normal inkişafı çətin olacaq.
Belə ki, İran ətrafındakı gərginlik artıq ilin əvvəlindən özünü göstərməkdədir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, bu il İranda inflyasiya 30%-ə çatıb, büdcə gəlirləri isə azalmaqdadır. Təkcə rəsmi məlumatlara görə, 2019-cu ildə İranın dövlət büdcəsinin gəlirləri əvvəlki ildən 4% az olacaq.
Bütün bunlar İranın valyutasının – realın dollar qarşısında məzənnəsinə də təsirini göstərib.
Hələ bir ay əvvəl 1 dollar 136 min rial olduğu halda, indi bu göstərici 4% artaraq 141,5 min riala çatıb. Budəfəki sanksiyalardan sonra isə rial daha 10-15% ucuzlaşa bilər.
©FED.az