İranın neft naziri Bijen Namdar Zəngənə, beynəlxalq neft bazarında İrana qarşı sanksiyalardan yarana biləcək təklif kəsirini kompensasiya edəcək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft istehsalı güclərini olduğundan çox göstərdiklərini söyləyib.
İnsider.az xəbər verir ki, ICANA-ya danışan Zəngənə, İranın neft ixracını hədəfə alan ABŞ-ın birtərəfli sanksiyalarını qiymətləndirib.
Zəngənə, "ABŞ-ın İrana qarşı münasibəti və neft sanksiyaları siyasi blef deyil. Bu sanksiyalar İran xalqına qarşı çox şiddətli düşmənçiliyin göstəricisidir",- deyib.
İranın neft naziri, "Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin neft istehsal güclərini şişirdiklərini hesab edirəm",- ifadəsini istifadə edib.
Ağ Evdən ötən bazar ertəsi günü verilən açıqlamada, İrana tətbiq edilən neft sanksiyalarından azad saxlanılan 8 ölkəyə yeni möhlət verilməyəcəyi bildirilmişdi. Açıqlamada, ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ-nin müştərək şəkildə qlobal enerji bazarlarına tədarük məsələsində təminat verdikləri qeyd edilərək, "İran nefti bazardan çıxdıqdan sonra da qlobal tələbat qarşılanacaqdır" ifadəsi istifadə edilmişdi.
İran Prezidenti Həsən Ruhani də çərşənbə günü Nazirlər Kabinetinin iclasında ABŞ-ın birtərəfli sanksiyalarına dəstək verən iki Körfəz ölkəsinə, "Necə olur ki, Trampa, "İranın neft ixracı sıfıra enərsə biz kompensasiya edərik" deyirsiniz?! Bu sözlərin nəticələrindən xəbərdarsınız və bunun İrana açıq bir düşmənlik anlamına gələcəyini görürsünüzmü?!" sözləri ilə reaksiya göstərmişdi.
©Marja