iranda-hicabdan-imtina-eden-qadinlara-verilen-ceza-olke-psixoloqlarini-ayaga-qaldirdi-foto

İranda hicabdan imtina edən qadınlara verilən cəza ölkə psixoloqlarını ayağa qaldırdı - FOTO

İranda hicab tələblərini pozan qadınlardan psixoloqa müraciət etmək tələb olunmağa başlayıb. İranlı psixoloqlar buna etiraz edirlər.

Bu barədə iranlı ekspert, Rusiya Beynəlxalq Məsələlər Şurasının üzvü Nikita Smaqin məlumat verib.

Onun sözlərinə görə, İranda ictimaiyyət qarşısına hicabsız çıxan bir neçə tanınmış qadına məhkəmə məcburi olaraq psixoloqa göndərilməsi barədə qərar verib.

Məsələn, aktrisa Əfsanə Bayeqan “ailə dəyərlərinə qarşı yönəlmiş şəxsiyyət pozğunluğunu” müalicə etmək üçün həftədə bir dəfə psixoloqa müraciət etməlidir. Kursun sonunda o, sağaldığını göstərən sertifikat təqdim etməlidir.

Aktrisa Azadə Səmədiyə isə “antisosial şəxsiyyət pozğunluğu”nun müalicəsi üçün həftədə iki dəfə psixoloqa müraciət etmək tapşırılıb.

 

Buna cavab olaraq İranın dörd Psixoloqların Həmkarlar İttifaqı bu praktikaya son qoyulması üçün ölkənin ədliyyə orqanının rəhbərinə ictimai müraciət yazıb.

Onların sözlərinə görə, məhkəmə müalicə təyin edə bilməz, çünki bu, mütəxəssislərin səlahiyyətindədir. Bundan əlavə, psixoloqun terapiyası onun həyat tərzini zorla dəyişdirmək cəhdinə deyil, insanın könüllü seçiminə əsaslanır.

Məktubda həmkarlar ittifaqları rejimi ölkəni ABŞ-nin inadkar qulların ruhi xəstə elan edildiyi köləlik dövrünə, yaxud dissidentlərin zorla ruhi xəstəxanalara yerləşdirildiyi keçmiş SSRİ-yə bənzətməməyə çağırıblar.

Psixoloqların fikrincə, mövcud təcrübə əhalinin psixoloq peşəsinə inamını sarsıdır, nəticədə həqiqətən köməyə ehtiyacı olanlar həkimlərə daha az müraciət edəcəklər.