İsrail hərbçiləri ölkə ərazisinə nəzarəti bərpa etdikdən sonra HƏMAS-dan olan fələstinli radikallara qarşı hərbi əməliyyatın hücum mərhələsinə keçiblər.
Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib.
“Biz hücuma keçdik. İsrail Müdafiə Qüvvələri Qəzzaya bitişik ərazilərdə yüzlərlə terrorçunu məhv edib”, - o deyib.
Həmçinin, İsrailin müdafiə naziri Yoav Qalant Qəzzanın tam blokadaya alınması ilə bağlı göstəriş verib. Qida və enerji təchizatı dayandırılacaq.
Bu sırada HƏMAS-ın döyüş qanadı olan “İzəddin əl-Qasım Briqadaları” qruplaşması İsrailin Aşdod və Aşkelon şəhərlərinə kütləvi raket zərbələri endirdiyini iddia edir. Bu barədə fələstinli radikallar öz “Telegram” kanallarında məlumat veriblər.