İsrailin üz və obyekt tanıma platformasının tərtibatçısı olan “AnyVision” startapı M12-dən (“Microsoft”-un vençur fondu), “DFJ Growth” və “OG Technology Partners”-dən 31 milyon dollar cəlb edib. İnsider.az bunu “Bloomberg”-ə istinadla xəbər verir.
Şirkət A raunduna 74 milyon dollarlıq ümumi investisiya məbləğilə yekun vurub. Daha əvvəl startap “Robert Bosch”, “LightSpeed Venture Partners”, “Eldridge Industries” və “Qualcomm”-dan 43 milyon dollar cəlb etmişdi.
Nəşriyyat xəbər verir ki, “Microsoft”-un etik standartlarına cavab vermək üçün “AnyVision” öz platformasının istifadə siyasətini dəyişməli oldu. Korporasiya insanların əsassız izlənilmə risklərini azaltmağa can atır.
Qeyd edək ki, “AnyVision” şirkəti 2015-ci ildə Tel-Əvivdə təsis edilib. Servis müşahidə kameraları vasitəsilə bu barədə operatorları xəbərdar edərək, müəyyən insanları identifikasiya edir və onların yerdəyişməsini izləyir. Tərtibatçılar iddia edir ki, startapın platforması istənilən kameralarla çalışır və üz və obyektləri tanımaq qabiliyyətinə malikdir. Şirkətin öz məlumatlarına əsasən, onun həllərilə 45 ölkədə polis sahələri, kazinolar, hava limanları və stadionlar faydalanır.
Samirə Məmmədova