İsrail Səhiyyə Nazirliyi COVID-19-a yoluxma sayındakı azalmalar səbəbilə bu gündən etibarən qapalı yerlərdə maska taxma tələbini ləğv edib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bununla belə, bəzi hallarla bağlı istisnalar var. Belə ki, karantinə göndərilənlər, heriatriya müəssisələrinin işçiləri və pasiyentləri üçün maska taxmaq məcburi olaraq qalacaq. Qeyd olunur ki, hansı xəstələr ilə təmasda olan zaman maska taxmağın zəruriliyi ilə bağlı tibb işçiləri üçün xüsusi təlimatlar hazırlanacaq.
Qeyd edək ki, son günlərdə İsraildə COVID-19-a yoluxma hallarının sayı barmaqla sayılacaq həddə düşüb.
Ölkədə əhalinin COVID-19-a qarşı kütləvi vaksinasiyasına keçən il dekabrın 20-dən başlanılıb. Bu il yanvarın 10-dan aşılananlar ikinci dozanı almağa başlayıb. İndiyə qədər 5,4 milyondan çox insana birinci doza, 5,1 milyondan çoxuna isə ikinci doza peyvənd vurulub. İyun ayının əvvəllərindən ölkədə 12-15 yaş arası yeniyetmələr də aşılanmağa başlayıb.