Sentyabrın 5-də Türkiyədə azərbaycanlı həkim faciəli şəkildə ölüb.
Uzman həkimin hadisədən bir müddət əvvəl sosial şəbəkə səhifəsində paylaşdığı status müzakirələrə səbəb olub.
Özəl klinikada infeksion xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi kimi çalışan 37 yaşlı Elnur Rufullayev daha əvvəl İstanbulda avtomobilin qəsdən üzərinə sürüldüyünü və son anda qəzadan qaça bildiyini yazıbmış. Bu məsələ həkimin sui-qəsd nəticəsində öldüyü haqda şübhələr yaradıb.
E.Rufullayev ötən il etdiyi həmin paylaşımında qeyd edib:
“Bu gün işdə növbəyə gedərkən başıma daha öncə heç qarşılaşmadığım qəribə bir hadisə gəldi. Sizin də başınıza belə olay gələrsə, hazırlıqlı olun deyə bunu sizinlə paylaşım dedim.
Yolda qarşı tərəfə keçmək üçün kənarla yeriyirdim və bu zaman bir avtomobilin üzərimə doğru gəldiyini gördüm. Əvvəlcə yanılıram, mənə elə gəlir deyə düşündüm. Bu zaman üzərimə gələn maşının artıq çatdığını görüb, özümü səkiyə atdım, sürücü mənə əl edib uzaqlaşdı. Yolda hərəkət sıx olduğu üçün niyə belə etdiyini soruşa bilmədim və həmin şəxsi tanıdığım üçün zəng edib məsələni soruşdum. O isə mənə zarafat etdiyini dedi. Türkiyədə belə bir ənənənin olduğunu öyrənəndən sonra, həqiqətən, baş verən hadisənin zarafat olduğuna ümid edirəm”.
Qeyd edək ki, həkimin öldüyü qəza Qaziosmanpaşanın Küçükköy adlanan hissəsində baş verib. Xəstəxanaya çatdırılan həkimin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü saxlanılıb və daha sonra sərbəst buraxılıb. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.
E.Rufullayev ailəli idi, bir uşaq atası olub.
Qafqazinfo