istanbulda-taxil-dehlizi-uzre-birge-koordinasiya-merkezi-fealiyyete-basladi

İstanbulda taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzi fəaliyyətə başladı

İyulun 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanan taxıl dəhlizi üzrə fəaliyyət göstərəcək Birgə Koordinasiya Mərkızinin açılış mərasimi olub. 

Açılış mərasimində çıxış edən Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bildirib ki:

"Bildiyiniz kimi, Rusiya ilə Ukrayna arasında münaqişə enerji və ərzaq böhranı riskini artırıb. Dünya taxıl tədarükünün təxminən üçdə biri Rusiya Federasiyası və Ukraynanın payına düşür.

Ukraynadan çıxarıla bilməyən taxıl probleminin davam etməsi həm aclıq, həm də qlobal miqyasda, xüsusilə Yaxın Şərq və Afrikada qeyri-qanuni miqrasiya səbəbindən ciddi təhlükəsizlik riski yaradır.

Buna görə də Ukrayna limanlarında gözləyən 25 milyon tondan çox taxılın ehtiyacı olan ölkələrə qısa müddətdə təhlükəsiz çatdırılması üçün dənizdə dəhliz yaradılması zərurəti yaranıb".

Mərkəzin iş fəaliyyətinin və müddətinin detaylarından danışan cənab Hulusi həmçinin: "Minatəmizləmə ehtiyacı yaranarsa, tərəflərin razılaşdırdığı kimi planlaşdırma aparılacaq. Ancaq bu mərhələdə ehtiyac yoxdur.
Tərəflərin imzaladığı sənəd 120 gün müddətində qüvvədə olacaq və tərəflər xitam tələb etmədikcə davam edəcək", deyə bildirib.

Xatırladaq ki, Taxıl dəhlizi haqqında sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Birgə Koordinasiya Mərkəzi Milli Müdafiə Universitetinin ərazisində fəaliyyət göstərir.