isvecrenin-en-boyuk-banklarindan-biri-rusiyalilarin-hesablarini-baglayir-foto

İsveçrənin ən böyük banklarından biri rusiyalıların hesablarını bağlayır - FOTO

İsveçrənin ən böyük banklarından biri olan “Julius Baer” Rusiyada yaşayan müştərilərinə hesablarının bağlanması ilə bağlı xəbərdarlıq edib.

Bank bildirib ki, indiki şəraitdə müştərilərə öz standartlarına uyğun xidmətlər təklif edə bilməyəcək və buna görə də dekabrın 31-dən gec olmayaraq onlarla olan bütün əlaqələri dayandıracaq.

“Julius Baer” bankı Rusiyada daimi yaşayan müştərilərinə hesablarının bağlanması ilə bağlı bildirişlər göndərməyə başlayıb. Bu barədə “Main Partner Trust” konsaltinq şirkəti öz “Telegram” kanalında məlumat verib.

Bank müştərilərə məlumat verib ki, dekabrın 31-dən gec olmayaraq onlarla bütün işgüzar münasibətlərə xitam veriləcək. “Mövcud şərait və davam edən məhdudiyyətlər səbəbindən bank artıq sizə aktivlərin idarə edilməsi üzrə standartlarımıza uyğun müvafiq və kompleks xidmətlər təklif edə bilmir”, - deyə məktubda bildirilib.

Həmçinin məktubda qeyd edilib ki, bütün razılaşmalar və müqavilələr sentyabrın 30-dan etibarən ləğv ediləcək.

Bank hesabların bağlanması və pulun digər hesablara köçürülməsi prosesinə başlanması üçün müştərilərdən tələb olunan məlumatları təqdim etməyi xahiş edib.

Xatırladaq ki, may ayında “Julius Baer” Rusiya və Belarusdan olan müştərilərə “Euroclear” Avropa depozitarisinin tələbləri əsasında investisiya hesablarının dondurulması barədə məlumat vermişdi.

 

Oxu.Az