İyulun 25-də məktəbəqədər təhsil müəssisələrinə (bağça) uşaqların qəbulu başlayır.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.
Avqustun 1-də saat 11:00-da regional təhsil idarələri, avqustun 8-də saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. Proses sentyabrın 1-dək davam edəcək.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Elektron qəbul sistemi 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşdirmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
Qeyd edək ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular bu il üçün keçərli deyil.