jp-morgan-in-xalis-menfeeti-11-artib

"JP Morgan"ın xalis mənfəəti 11% artıb

Bu ilin yanvar-iyun aylarında dünyanın ən iri investisiya banklarından biri olan “JP Morgan Case”in xalis mənfəəti əvvəlki ilin eyni dövrünə nisbətən 11% artaraq 18,831 mlrd. ABŞ dolları təşkil edib.

İnsider.az-ın bankın hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə səhm üzrə bölüşdürülmüş mənfəət ötənilki 4,6 dollara 5,46 dollar olub. Bankın gəlirləri isə 4% artaraq 57,955 mlrd. dollar təşkil edib.

Cari ilin ikinci rübündə investisiya nəhənginin xalis mənfəəti illik müqayisədə 16% artaraq 9,652 mlrd. dollara bərabər olub. Səhm üzrə bölüşdürülmüş mənfəət isə ötənilki 2,29 dollardan 2,82 dollaradək artıb, halbuki analitiklər bu göstəricinin 2,51 dollar təşkil edəcəyini gözləyirdi. Bu ilin ikinci rübündə bankın gəliri 4% artaraq 28,832 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, “JP Morgan Case” bankı 1799-cu ildə təsis edilib. Sözügedən maliyyə təşkilatı investisiya bank xidmətlərinin göstərilməsi və etibarlı idarəetmə üzrə dünya lideridir. Hazırda bank dünyanın 60 ölkəsində fəaliyyət göstərir.

©“APA-Economics”