kamran-babayev-pandemiya-dovrunde-daxili-fealiyyet-plani-hazirladiq-ve-hal-hazirda-bu-plana-uygun-fe

Kamran Babayev: Pandemiya dövründə daxili fəaliyyət planı hazırladıq və hal-hazırda bu plana uyğun fəaliyyət göstəririk

“Standard Insurance” şirkətinin İdarə Heyətinin sədri Kamran Babayevlə müsahibə

- 2020-ci il üçün planlarınız haqqında məlumat verə bilərdinizmi?
- 2020-ci il şirkət üçün dönüş yaradan bir il olacaq. Planlar çoxdur. Qarşımıza bir çox hədəflər qoymuşuq: sığorta portfelinin optimallaşdırılması, yəni zərərli istiqamətlərin minimuma endirilməsi və mənfəətli istiqamətlərin stimullaşdırılması. Həmçinin əsas hədəflərdən biri müştəri məmnuniyyətinin artırılmasıdır. Bu istiqamətdə bu il ərzində artıq bir çox işlər görülüb – multifunksional çağrı mərkəzi yaradılıb, sığorta hadisələri departamentinin ofisinin yeri dəyişdirilib və s. Əlavə olaraq prioritetlərimiz korporativ müştəri portfelimizin artırılmasıdır. Bu məqsədlə şirkət demək olar ki, elan olunmuş bütün tenderlərdə iştirak edir. Artıq qazandığımız tenderlər var. Sığorta bazarında aktivik, faydalı və maraqlı sığorta məhsulları bazara çıxarırıq. İki yeni sığorta məhsulumuz artıq təqdim edilib.

- Pandemiya ilə mübarizə dövründə baş verən iqtisadi proseslər sığorta bazarına da təsir edib. Bazardakı vəziyyəti necə qiymətləndirirsiniz? 
- Bəli, karantin dövründə sığorta bazarında aktivlik azaldı, satışlar azaldı. Lakin onu da bildirim ki, sığorta hadisələrində də azalma müşahidə edildi. Səyahət sığortası satışları demək olar ki sıfıra endi. Düşünürəm ki, sığorta şirkətləri bu çətinliyin öhdəsindən gələcəklər və az itkilərlə vəziyyətdən çıxacaqlar. 

- Karantinlə əlaqədar şirkətinizdə işlər necə qurulub? Əməkdaşların iş rejimində və göstərilən xidmətlərdə dəyişilik varmı?
- Biz pandemiya dövründə daxili fəaliyyət planı hazırladıq və hal-hazırda bu plana uyğun fəaliyyət göstəririk. Fəaliyyətimizdə axsama yoxdur, müştərilərə vaxtında xidmət göstərilir. Şirkət işçilərinin bir hissəsi evdən, bir hissəsi isə ofisdən çalışır. Online iş rejimi yüksək səviyyədə təşkil edilmişdir.

- Filiallar necə işləyir?
- Filial və nümayəndəliklər də daxili fəaliyyət planına uyğun olaraq müştərilərə xidmət göstərirlər. Ciddi bir sıxıntı yaşamırıq. Azərbaycanın digər bölgə rəhbərləri ilə mütəmadi olaraq online rejimdə iclaslar keçirilir, vəziyyətə uyğun olaraq qərarlar verilir.

- “Standard Insurance”  bu ilin ilk rübünü necə başa vurdu? Ötən illə müqayisədə hansı dəyişikliklər var?
- Qeyd edim ki, ötən ilin eyni dövrü ilə müqayisədə satışlarda ciddi artım müşahidə edilir. Deməzdim ki, bu ilin ilk rübü bizim üçün asan oldu. Şirkət hal-hazırda keçid dövrünü yaşayır, sağlamlaşdırma işləri aparılır. Keçid dövrü ağrılı ola bilir. Amma bütün proseslər nəzarətdədir və aparılan islahatların nəticəsini artıq görməyə başlamışıq.

- Karantin dövründə yeni məhsul təqdim etmisiniz. Məhsul və onun üstünlüyü barədə məlumat verə bilərsinizmi?
- Qeyd etdiyim kimi, bizim prioritetlərimizdən biri də vətəndaşlara faydalı və maraqlı sığorta məhsulları təqdim etməkdir. Qısa zamanda sığorta bazarına iki məhsul çıxardıq. Bir məhsul mənzil sahiblərinin öz qonşuları qarşısında məsuliyyətini sığortalayan “Qonşum“ məhsulu, digəri isə doğuş təminatını əhatə edən və vətəndaşlara böyük üstünlüklər verən “Leylək” sığorta məhsulu.. 

- Post pandemiya dövründə satış strategiyanızda hər hansı dəyişiklik etməyi düşünürsünüzmü?
- Strategiyamız təsdiqlənib və bir dəyişiklik etmək fikrində deyilik. Lakin onu qeyd edim ki, karantin qaldırıldıqdan sonra müştərilərlə daha sıx görüşlər keçirməyi planlaşdırırıq.

- Qeyd etdiniz ki, əməkdaşlarınızın bir hissəsi evdən işləyir. Əgər işin keyfiyyətində dəyişiklik yoxdursa karantindən sonra da bu üsulla işi davam etdirməyi mümkündürmü?
- Faktiki olaraq mümkündür. Amma bunu vacib hesab etmirəm. Bu səbəbdən karantin ləğv olunduqdan sonra tam heyətlə ofisdən fəaliyyətimizi davam etdirəcəyik.