Vergilər Nazirliyindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, vergi yükünün və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş köklü islahatların həyata keçirilməsi şəratində cari ilin ötən dövründə qeyri-neft sektorunda, habelə ayrı-ayrı sektorlarda dövriyyələrin və vergi daxilolmalarının artımı müşahidə olunur. Vergi daxilolmalarının sürətlənən artım dinamikası iqtisadiyyatda əhəmiyyətli şəffaflaşma proseslərinin baş verməsini təsdiq edir. Bununla belə, bəzi sektorlarda, xüsusilə də, pərakəndə ticarət və ictimai iaşə sektorlarında şəffaflaşma prosesinin sürəti qaneedici deyildir.
Vergi orqanlarının təhlillərinə əsasən, yayınmalar daha çox vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması halları ilə bağlıdır. Bununla əlaqədar, Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərini gücləndirib.
Bakı şəhərində aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.
Qeyd edilməlidir ki, istehlakçılar istər alış-veriş zamanı, istər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə onların öz hüquqlarını tələb edə bilməsi, hüquqlarının pozulduğu hallarda mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Dövlət büdcəsinə daxil olan vergilər isə büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.
Sahibkarlar əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutur.
Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:
-təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
-təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
-təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Vergi Məcəlləsinin keçid müddəlarına əsasən cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Lakin sahibkarlar buna arxayın olmamalıdırlar. Çünki, rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə, vergi orqanın təhlilləri zamanı risk qrupuna aid edilə bilər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.
Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələblərinə tam əməl etməyə, hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməyə dəvət edir.