2011-ci ildə fəaliyyətə başlayan “Abşeron Taxıl” MMC Respublikada yüksəkkeyfiyyətli un istehsal edən iri müəssisələrdən biridir. Müəssisənin 10 illik yubileyi ərəfəsində müəssisənin Baş Direktoru Tağıyev Maşallah, Biznesin inkişafı üzrə Direktor müavini Əfəndiyev Zaur, Dövlət qurumları ilə iş üzrə müşavir Əliyev Pərviz, Distributorlarla iş şöbəsinin rəisi Qafarli Vüsal, İstehsalat müdiri Abbasov Məhərrəm, Keyfiyyətə nəzarət şöbəsinin rəisi Kornişeva Yevgeniya Mixaylovna və Marketinq meneceri Corc Tutunci ilə görüşdük.
Müəssisənin işi ilə tanışlıq zamanı “Abşeron Taxıl” MMC-nin fəaliyyətinə dair meydana çıxan suallarımızı isə Qafarli Vüsal və Kornişeva Yevgeniya Mixaylovna cavablandırıb.
- İstənilən müəssisəni fəaliyyəti üçün 10 il az müddət deyil, bu zaman ərzində Abşeron taxıl olaraq qarşınıza qoyduğunuz məqsəd və hədəfləriniz dəyişibmi?
- 10 il qısa bir zaman deyil və bu müddət ərzində “Abşeron Taxıl”ın hədəf və məqsədləri olduğu kimi qalır. Məqsəd isə çörək və çörək məmulatlarının istehsalı üçün müəssisələri yüksək keyfiyyətli un ilə təchiz etməkdən ibarətdir. İstehsal etdiyimiz məhsullara gəldikdə çörək və çörək məmulatlarının hazırlanması üçün 1-ci və 2-ci növ un, şirniyyatların hazırlanması üçün isə əla keyfiyyətli un istehsal edirik. Həmçinin buğda və arpanın, eləcə də pəhriz və diabetik çörəklərin hazırlanmasında istifadə edilən kəpəyin emalı həyata keçirilir. Bundan başqa emal məhsulları arasında heyvandarlıq üçün istehsal edilən məhsul da yer alır.
- Hansı regionlarımızda un və ya çörək alarkən brendinizi görə bilərik?
- Məhsullarımızın çatdırılma coğrafiyası çox genişdir. Böyük fəxrlə bütün Azərbaycana çatdırılmanın edildiyini deyə bilərik. Bütün regionlarımızda məhsullarımızın satışını həyata keçirən distributorlarımız var. Bu sistemi hələ yeni tətbiq etməyə başlamışıq. Zavodun fəaliyyət göstərdiyi 10 il ərzində faktiki olaraq bütün regionlarda məhsulumuz olub, amma mağazalarda satış strukturu yeni tətbiq edilir. Son üç ayda istənilən məhsulun satışı üçün klassik olan distributor sistemi yaratmışıq və demək olar ki, bütün Azərbaycanda məhsulumuz tanınır. Distributor sistemi dedikdə həmin regionlarda bizim məhsulu tanıdan əməkdaşların fəaliyyəti nəzərdə tutulur. Amma böyük zavod, sex, qənnadı evləri bizim məhsulları keyfiyyətli məhsul kimi tanıyır və bizə etibar edirlər.
- Ətraf mühitin müdafiəsi üçün hansı məqsədyönlü ekoloji tədbirlər həyata keçirirsiniz?
- Müəssisə həm xammalın daxil olması, həm də məhsulun emalı zamanı istifadə edilən müasir təmizləmə aspirator sistemlər ilə təchiz edilib. Yəni hətta vaqonlardan xammal boşaldılarkən aspirator sistemləri artıq ətraf mühitə ziyan vura biləcək proseslərin qarşısını alaraq tozu aradan qaldırır. İstehsal prosesi də aparılan sahədə təbii ki, aspirator sistemləri yerləşir. Çıxışda isə ətraf mühitin çirklənməməsi üçün təmizləmə filtrləri yerləşir. İstehsal ərazisinə nəzər salsanız, bu işin böyük məsuliyyətlə yerinə yetirildiyinin bariz nümunəsi olan təmizlik və yaşıllığı görəcəksiniz. Qeyd edim ki, bu nəticənin əldə edilməsi üçün böyük səy göstərilir.
- “Abşeron Taxıl”ın qiymət siyasəti, məhsullarınızın qiyməti nə dərəcədə dəyişkəndir?
- Təəssüf ki, bazarda olan qiymət siyasəti bizdən asılı deyil. Biz bazar şərtlərinə riayət etməliyik. Nəzərə almaq lazımdır ki, xammalı Rusiyanın və Qazaxıstanın iri təchizatçılarından əldə edirik. Deməli biz həm də onların qiymət siyasətinə ayaq uydurmalıyıq. Təbii ki, biz mümkün qədər məhsullarımıza qiyməti sabit saxlamağa çalışırıq. Amma bizim iqtidarımızda olmayan kiçik dəyişikliklər də olur.
- Ərzaq təhlükəsizliyi məsələləri necə həll olunur, yetərli strateji ehtiyat mövcuddurmu?
- Ərazidə buğda saxlamaq üçün 6 min tonluq 10 bunker var, bu isə ümumilikdə 60 000 ton buğda ehtiyatı deməkdir. Həmin ehtiyatlar imkan daxilində sabit saxlanılır. Qeyd edim ki, mövcud karantinə baxmayaraq Rusiyadan buğda təchizatı dayandırılmayıb. Bu səbəbdən də düşünürük ki, istənilən karantin və ya digər gözlənilməz hadisə zamanı yetərincə strateji ehtiyatımız mövcuddur. Dəyirmanların işi stabil şəkildə davam edir.
- İstehsalat prosesinə nəzarət necə həyata keçirilir?
- Keyfiyyətə nəzarət prosesində laboratoriya göstəriciləri çox böyük önəm daşıyır. İstehsalın bütün mərhələ və sahələrində: buğda çatdırıldıqdan sonra keyfiyyətinin yoxlanılmasından başlayaraq, xammalın yerləşdirilməsinə, eləcə də dəyirmana emala göndərilərkən, daha sonra hazır məhsulun yerləşdirilməsi, saxlanılması daxil olmaqla bütün texnoloji proses ən müasir avadanlıq ilə təchiz edilmiş laboratoriya tərəfindən həyata keçirilir. Çünki məhsulun keyfiyyəti istehsalın şəraitindən və prosesindən asılı olduğu kimi, saxlanma və yerləşdirilmə şəraiti və prosesindən də asılıdır.
- Hansı çörək zavodlarını məhsul ilə təchiz edirsiniz?
- “Abşeron Taxıl” MMC Respublikada yüksəkkeyfiyyətli un istehsal edən iri müəssisələrdən biridir. Bizim un ilə təchiz etdiyimiz müəssisələr, əhalinin etibar və hörmətini qazanmış “N1”, “Bred” MMC, “Sərxan” MMC, “İsrafiloğlu” MMC və “İlkin-92” şirkəti kimi iri çörək zavodlarıdır.
- Un istehsalçıları bazarında rəqabət nə dərəcədə güclüdür?
- Çox yüksəkdir. Çünki çox sayda böyük dəyirmanlar var və təbii ki, rəqabət yaranır. Bu rəqabət isə keyfiyyətə nəzarətin güclü olması tələbini meydana çıxarır. Keyfiyyəti hər zaman yüksək səviyyədə saxlamaq əsas hədəfdir. Bir sözlə sağlam rəqabət şərtlərinə riayət etmək deməkdir.
- “Abşeron Taxıl”ın rəqibləri qarşısında üstünlüyü nədir?
- “Abşeron Taxıl”ın əsas üstünlüyü istehsal etdiyi unun keyfiyyətindəki sabitlikdir. Birincisi burada fasiləsiz təchizat həyata keçirilir, bizdən un alan müəssisələr istədikləri zaman tələbatlarına uyğun həcmdə məhsul əldə edə bilərlər. Bizim unun sabit keyfiyyəti, çörək və çörək məhsulları istehsal edən müəssisələrin məhsulunun keyfiyyətinə birbaşa təsir edir. Yenə də təkrar edirəm ki, əsas göstərici sabit keyfiyyətdir.
- İstehsalatda hansı yeni texnologiyaları tətbiq edirsiniz?
- Əslində müəssisəmiz çox nəhəng müəssisədir. Dəyişiklik hər an mümkün deyil. Bəli hər hansı avadanlıq dəyişdirilə, yenilənə bilər. Təbii ki, müasir texnologiyalara da yad yanaşmırıq. Amma texnoloji proses artıq qurulub və işləyir. Məsələn qranula kəpək istehsalına başlamışıq. Demək artıq bu məhsul üçün yeni texnoloji avadanlıq quraşdırılmalıdır. Başqa bir misal göstərim,
- Müsahibə üçün təşəkkür edirik. Fəaliyyətinizdə uğurlar arzu edirik
Səbinə Səmidxan
Business Time