kiraye-menzil-bazarinda-keskin-bahalasma

Kirayə mənzil bazarında kəskin bahalaşma

“Şəhərin mərkəzində, xüsusilə ali təhsil ocaqlarının, “Elmlər Akademiyası”, “Nərimanov”, “Gənclik”, “İnşaatçılar” metro stansiyalarının yaxınlığında olan kirayə evlərin qiymətində həddindən artıq artım müşahidə olunur. Birotaqlı mənzillər 400, ikiotaqlı mənzillər 700, üçotaqlı mənzillər isə 800 manatdan yuxarı təklif olunur. “Əhmədli”, “Xalqlar Dostluğu” metro stansiyalarının yaxınlığında isə birotaqlı mənzillər 300, ikiotaqlı mənzillər 400 manata təklif olunur”.

Bunu açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib. 

Onun sözlərinə görə, artıq Bakının kirayə mənzil bazarında böyük canlanma müşahidə olunur:

“Avqust ayının sonuna kimi bu canlanma pik həddə çatacaq. Getdikcə tələb çoxalır. Artıq tələbələr ali məktəblərə qəbul olunduqlarını öyrəndikcə, rayonlardan şəhərə üz tuturlar. Xüsusən də birinci kurs tələbələrinin valideynləri kirayə mənzil bazarındadırlar. Tələbələrin çoxu yeni dərs ilini başa vursa da, kirayə mənzillərini boşaltmayıblar, bəziləri isə evləri təhvil veriblər. Onlar da avqustun sonu, sentyabr ayının əvvəllərində Bakıya üz tutacaqlar. Onların hər birinin bir məqsədi var - övladı üçün şəraitli ev kirayələmək”.

Ekspert bildirib ki, indi kirayə evlər baha olduğundan dörd-beş tələbə bir mənzili kirayələmək məcburiyyətindədir:

“İstəyirlər ki, qiymət ucuz olsun, adambaşına heç olmasa 100-150 manat düşsün. Regionlarda əhalinin imkanı yaxşı olmadığından onlar əsasən dörd-beş nəfərlik evləri kirayələyirlər. Təəssüf ki, ali təhsil ocaqlarının yataqxanalarının olmaması valideynləri mənzil kirayələməyə məcbur edir. Birdən-birə tələbin artması qiymətlərə böyük təsir göstərir. Əvvəlki illərdə birotaqlı mənzil 300 manata təklif olunurdusa, indi artıq 350 manata olub. İkiotaqlı mənzillər isə 500 manata təklif edilir. Valideynlər əsasən ali məktəb binalarının yaxınlığında ev kirayələyirdilərsə, indi qiymət ucuz olsun deyə, bir qədər kənara üz tutanlar da var”.

Qaynarinfo