“Hazırda dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
O hesab edir ki, Avropanın bəzi ölkələrində islamofobiya aşağıdan yuxarı deyil, yuxarından aşağı yayılır:
“Misal olaraq, 2019-cu ildə Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrı-seçkilik halları özəl sektorda çalışanlara nisbətdə daha çox olub. Fransa və digər Avropa ölkələri ilə bağlı konkret statistik məlumatlar var. İbadət evlərinin tikilməsinə gəlincə, Fransada 2500 məscid var. Əhalinin 10%-i müsəlmandır. Həmin məscidlər bir otaqdan ibarətdir. Kənardan dəstəyi isə ölkə rəhbərliyi Fransanı islamlaşdırmaq kimi qəbul edir”.
G.İsmayılov əlavə edib ki, özəl təhsil müəssisələrində dini təhsil almaq üçün müraciət edən gənclərin 60%-dən yuxarısı imtina cavabı alır:
“Getdikcə bəzi Avropa ölkələrində müsəlmanlar CV-lərini təqdim etdikdə dini inanclarını göstərməməyə meyilli olurlar. Bir sıra Avropa ölkələrində, xüsusilə də Fransada müsəlmanlar arasında işsizlik faizi həddindən artıq çoxdur”.
O qeyd edib ki, Fransada müsəlmanlara qarşı islamofobiyanın 80%-i məhz qadınlara yönəlib:
“Bu ölkədə dini məzmunlu təhsil də yalnız özəl müəssisələrdə tədris olunur. Müsəlman dini icmalar dövlətdən güzəşt əldə etməkdə çətinlik çəkirlər”.
Report