konulluluk-fealiyyetinde-yeni-merhele-coxistiqametli-mubadile-platformasina-kecid

Könüllülük fəaliyyətində yeni mərhələ: çoxistiqamətli mübadilə platformasına keçid

Hər hansı bir maddi qarşılıq gözləmədən vaxtını, əməyini və təcrübəsini müəyyən amalı gerçəkləşdirmək naminə öz istəyi ilə sərf edənə könüllü deyilir. Könüllülər irimiqyaslı idman yarışlarının təşkilatçılığında böyük rol oynayırlar. Hətta bu istiqamətdə aparılmış elmi araşdırmalar onu deməyə əsas verir ki, könüllülərsiz böyük idman tədbirlərini reallaşdırmaq mümkünsüzdür. Belə ki, Yay Olimpiya Oyunları kimi böyük beynəlxalq yarışların təşkilində azı 50 min könüllünün iştirakına ehtiyac duyulur. Məsələn, bu rəqəm 2012-ci il London Yay Olimpiya Oyunlarında 70 min təşkil edib. Ölkəmizdə baş tutmuş oxşar yarışlarda da çox sayda könüllü iştirak edib. 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunlarında 15 min və 2017-ci ildə baş tutmuş dördüncü İslam Həmrəyliyi Oyunlarında 8 min könüllü yarışlara öz töhfəsini verib. 2016-cı ildən etibarən keçirilən Formula 1 yarışlarına hər il 3 min könüllü töhfə verir.

Könüllülərin idman yarışlarına cəlb olunması tədbir təşkilatçılarına əsasən iki istiqamətdə dəstək verir. Birincisi, görülən iş müqabilində hər hansı bir maddi qarşılıq gözləmədiklərindən çox sayda könüllünün yarışa cəlb olunması tədbirin əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır. İkincisi isə odur ki, könüllülər sahib olduğu bilik, qabiliyyət və təcrübələri ortaya qoyaraq tədbirin peşəkarlıq baxımından yüksək səviyyədə təşkilinə öz töhfələrini verirlər. Könüllülərin verdiyi bu faydalardan tam yararlanaraq yarışları uğurlu şəkildə həyata keçirmək istəyən təşkilatçıları maraqlandıran əsas məsələ isə tədbirə zəruri sayda və keyfiyyətdə könüllü cəlb etməkdir. Buna nail olmaq üçün təşkilatçılar əvvəlcədən potensial könüllülərin yarışda iştirak motivlərini araşdırıb öyrənməli və ona müvafiq könüllülük proqramı hazırlamalıdırlar.

Könüllülükdə əsas məsələlər

Könüllük proqramı hazırlanarkən mövcud vəziyyətin düzgün qiymətləndirilməsi olduqca vacibdir. Vəziyyəti öyrənməkdən əvvəl hansı məqamlara diqqətin yetirilməsini bilmək lazımdır. İndiyədək bu sahədə aparılmış elmi araşdırmalar könüllülük proqramından öncə bu 3 məqamın yaxşı incələnməsini tövsiyə edir. Bunlar könüllülərin tədbirlərdə iştirak səbəbi, onların iştirak etdiyi tədbirlərdən razılıq səviyyəsi və onların növbəti tədbirlərdə yenidən könüllü olmaq istəyidir. Bir-biri ilə əlaqədar olan bu istiqamətlər öz aralarında müəyyən ardıcıllıq təşkil edir. Zəncirin ilk halqası məhz könüllülərin yarışa olan maraqları barəsindədir.

Könüllülük hər nə qədər maddi təminat güdməyən bir fəaliyyət növü olsa da, könüllü olmaq istəyənlər bu fəaliyyətdə müxtəlif motivlərlə iştirak edirlər. Yenə bu sahədə aparılmış araşdırmalar könüllülərin yarışda iştirak səbəblərini 7 kateqoriyada qruplaşdırır: dəyərlərin nümayişi, vətənpərvərlik, yeni əlaqələrin qurulması, şəxsi inkişaf, karyera, əlavə üstünlüklər və idman sevgisi. Bu motivlər tədbirin növü və miqyası ilə yanaşı, könüllünün yaşı, cinsiyyəti, təhsil səviyyəsi, dünyagörüşü və sair kimi göstəricilərə görə müxtəliflik təşkil edir. Tədbirin uğurlu şəkildə təşkilində ilk addım məhz könüllü olmaq istəyənlərin motivlərinin düzgün öyrənilməsi və bu motivlərə müvafiq şəkildə könüllülük proqramının yaradılmasıdır.

Könüllülərin razı qalacağı və gözləntilərinə tam cavab verəcək könüllülük proqramının təşkili böyük əhəmiyyətə malikdir. Çünki ilk dəfə iştirak edən könüllünün tədbirdə qarşılaşdığı vəziyyət onun növbəti tədbirlərdə iştirak edib etməyəcəyini müəyyənləşdirir. Belə ki, könüllü proqramda öz istəyinə tam cavab ala bilibsə, onda o, növbəti tədbirlərə sevərək qatılacaq. Tam əksi baş veribsə, onda o, bir daha könüllü fəaliyyət göstərməkdə istəkli olmayacaqdır. Burada könüllülük fəaliyyətini davamlı edən əsas məqam tədbirdə könüllülərin gözləntilərinin tam reallaşıb reallaşmamasıdır. Bu baxımdan təşkilatçılar xüsusilə çalışmalıdırlar ki, proqram könüllülərin istək və tələblərini tam ödəsin və bu yolla onları növbəti tədbirlərdə könüllü kimi iştiraka həvəsləndirsin.

Məhsuldar könüllü proqramının qurulmasında zəruri olan addım hər iki tərəfin bir-birini yaxşı tanımasıdır. İlk növbədə könüllülük proqramının təşkilatçıları araşdırma apararaq potensial konüllülərin tədbirdə iştirak motivlərini düzgün müəyyənləşdirməli, ona uyğun proqram hazırlamalı və bu proqramın təklif etdiyi faydaları könüllü olmaq istəyənlərə olduğu kimi çatdıra bilməlidirlər. Digər tərəfdən, könüllü olmaq istəyən də öz növbəsində tədbirdə iştirak səbəbini özü üçün müəyyənləşdirməli və daha sonra ona tam cavab verən proqram taparaq könüllülük fəaliyyətində iştirak etməlidir. Əks halda görülən işlər uğursuz olacaq və hər iki tərəf üçün nəticəsiz qalacaq. Bunun sonunda da könüllülük fəaliyyətini həyatın bir parçasına çevirmək və bu fəaliyyəti insanlarda ikinci təbiət halına gətirməklə onun davamlılığını təmin etmək mümkün olmayacaq.

İnsan fərd olaraq ömür boyu müxtəlif məqamlarda və zamanlarda vaxtının müəyyən hissəsini könüllülüyə həsr edərək qazandığı dəyərləri cəmiyyətin inkişafına yönəldə bilməlidir. Könüllülük özlüyündə yaşı aşan bir məsələdir, bu fəaliyyətlə məşğul olmağın yaşı yoxdur. İstənilən yaş qrupunda olan şəxs sahib olduğu ilə könüllülük fəaliyyətinə öz töhfəsini verə bilər. Məsələn, gənc könüllü dinamikliyi və həyəcanı ilə könüllülüyə rəng qatarkən, yetişkin insan da sahib olduğu təcrübəni bölüşməklə tədbirin peşəkarlıq baxımından yüksək səviyyədə təşkilinə qatqı göstərə bilər. Burada əsas məsələ hər yaş qrupundan olan insanları könüllülük proqramı çərçivəsində bir araya gətirmək və bu yolla maksimal məhsuldarlığa və rəngarəngliyə nail olmaqdır.

Çoxistiqamətli mübadilə platforması

Könüllülük proqramında hər yaş qrupundan olan insan özü üçün mütləq bir fayda tapa bilməlidir. Azərbaycanda gənclərin əksəriyyəti bu fəaliyyətə karyera quruculuğunun ilk pilləsi kimi baxır. Təəssüfləndirici məqam odur ki, ölkəmizdə yetişkin, orta və yuxarı yaş qruplarında olan əksər insanlar könüllülük fəaliyyətində iştiraka maraq göstərmirlər. Belə ki, bizdə könüllülərin orta yaşı 20 civarındadır. Bu göstərici isə xaricdə istənilən idman yarışında 35-dən yuxarıdır. Əslində könüllülük proqramı yuxarı yaş qrupları üçün də müxtəlif imkanlar yaradır. Burada öz təcrübələrini gənclərlə bölüşmək, ölkənin gənc nüfuzu ilə sıx əlaqədə olaraq onların düşüncə və həyat tərzlərinə yaxından bələd olmaq, onlarla əməkdaşlıq və işbirliyi qurmağa çalışmaq, gənclik illərinə qayıdaraq nostalgiya hissləri yaşamaq və sair kimi əvəzolunmaz imkanlar təqdim edir. Bir sözlə könüllülük proqramı sadə bir quruluşdan çıxaraq qarşılıqlı alış-veriş üçün münbit şərait təqdim edən çoxistiqamətli mübadilə platformasına çevrilir.

Könüllülük proqramını məhsuldar mübadilə platformasına çevirmək üçün bütün tərəflərin iştirakı zəruridir. Bir tərəfdən tədbir təşkilatçıları elə bir proqram qurmalıdırlar ki, burada müxtəlif yaş qruplarına xitab edən motivlər mövcud olsun və bu fərqliliklər ictimaiyyətin müxtəlif təbəqələrindən olan insanlara birbaşa təqdim olunsun. Digər tərəfdən könüllü olmaq istəyənlər yaradılan bu imkandan maksimum faydalanmağın yolunu axtarmalıdırlar, başqa sözlə proqramda iştirakı sadəcə bir-iki motivlə məhdudlaşdırmamalı, hərtərəfli şəkildə iştirak edərək şəxsi keyfiyyətlərin bütövlükdə inkişafına çalışmalıdırlar. Hər iki tərəf öz üzərinə düşəni etməsə, onda könüllülük fəaliyyətinin məhsuldarlığı və davamlılığı sual altında olacaq.

Ölkəmizdə son onillikdə çox sayda irimiqyaslı idman yarışları keçirilib və bu yarışlar sayəsində könüllülük fəaliyyəti xüsusən gənclər arasında artıq ənənəyə çevrilib. İndi əsas məsələ bu fəaliyyəti müxtəlif yaş qrupları arasında təbliğ edərək könüllülük fəaliyyətini daha da inkişaf etdirməklə çoxistiqamətli mübadilə platformasına çevirməkdir, başqa ifadə ilə, könüllülükdə sıçrayış etməyin tam vaxtıdır. Dünya miqyasında mövcud tendensiya bu istiqamətdədir və bizə yaraşan da bu uğurda qabaqcıllardan olmaqdır.

Rüstəm Hacıyev 

ABŞ-ın Troy Universitetinin idman menecmenti üzrə doktorantı